Deputat: "Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilən deyil" MÖVQE

18 Oktyabr 2017 09:35 (UTC+04:00)

"Aprel hadisələri olmasaydı, Ermənistan prezidenti heç görüşə də gəlməyəcəkdi. Düşmən ölkə görüşə qorxusundan gəldi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Sadıqov oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə, özgə torpağında olan qoşunların çıxarılması barədə söz deyilmirsə, deməli, həmin görüşün konkret nəticəsi yoxdur: "Yenə ATƏT-in həmsədr dövlətləri özlərinə məxsus ifadələr işlətməklə bu görüşə qiymət verir, yeni görüşlərin vacibliyi barədə fikirlər səsləndirir və növbəti görüşdə bu məsələnin bir daha müzakirə ediləcəyini bildirirlər. Bunlar bizim indiyə qədər eşitdiyimiz ümumi fikirlər, ATƏT-in "fəaliyyətinin" göz qabağında olan elementləridir".

B. Sadıqov söyləyib ki, Ermənistan status-kvonu qoruyub saxlamaq üçün danışıqlar prosesində guya iştirak edir: "Əgər görüşdə BMT-nin məlum 4 qətnaməsinin icrası ilə bağlı konkret addımlar atılmırsa, yaxın müddətdə hansısa tədbirlərin görüləcəyi barədə açıqlamalar verilmirsə, tərəflər öz üzərilərinə öhdəliklər götürmürsə və ATƏT bu öhdəliklərin yerinə yetirilməsinə necə nəzarət ediləcəyini söyləmirsə, problemin həlli ilə bağlı müsbət nəsə söyləmək mümkün deyil. Amma bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi isə öz prinsipial mövqeyindən geri çəkilən deyil".