Con Hammond: "Azərbaycanda əlverişli biznes və investisiya mühiti var"

17 Oktyabr 2017 23:06 (UTC+04:00)

Oktyabrın 17-də ADA Universitetində Azərbaycan-Avstraliya biznes-forumunun iştirakçıları ilə görüş keçirilib. AZƏRTAC-ın xəbərinə görə. görüşdə “Müasir dövrdə beynəlxalq ticarət və biznes üzrə çağırışlar və imkanlar” mövzusunda müzakirələr aparılıb.

Azərbaycan-Avstraliya Dostluq Cəmiyyətinin prezidenti Con Hammond Avstraliyanın Azərbaycana investisiya qoymaqda maraqlı olduğunu deyib. Bildirib ki, Azərbaycanda əlverişli biznes imkanları mövcuddur. Azərbaycanın sabit ölkə olduğunu deyən Con Hammond vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. “Azərbaycanda əlverişli biznes və investisiya mühiti mövcuddur. Azərbaycan dayanıqlı iqtisadi inkişafa malikdir. Burada kifayət qədər peşəkar kadr var. Bakıda bir neçə müvafiq qurumla əməkdaşlığa dair görüşlər keçirildi. Avstraliya Azərbaycanla neft sənayesi, maliyyə sektoru və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirəcək”, - deyə C.Hammond vurğulayıb.

Qonaq Azərbaycanda həyat səviyyəsinin yüksək olduğunu da qeyd edib. Tədbirdə, həmçinin qloballaşma şəraitinin beynəlxalq ticarətə təsir göstərdiyi vurğulanıb. Biznes layihələr, ticarətə dair müzakirələr zamanı Azərbaycanın qeyri-neft sektorunun, kənd təsərrüfatı sahəsinin və ixracyönümlü məhsul istehsalının inkişafına böyük diqqət ayırdığı diqqətə çatdırılıb.

Peşə təhsilinin əhəmiyyətinə də toxunulan tədbirdə azərbaycanlı və avstraliyalı tələbələrin fikir mübadiləsi aparmalarının vacibliyi vurğulanıb.