"VİSA" şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

17 Oktyabr 2017 14:12 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mətbuat xidmətindən SİA-ya bildiriblər ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı dünyanın ən tanınmış maliyyə xidmətləri şirkətlərindən biri olan "Visa İnc." şirkətinin nümayəndələri ilə görüşüb. Vüsal Qasımlı son illərdə Azərbaycanda ticarətdə elektronlaşma istiqamətində aparılan islahatlar barədə geniş məlumat verib. Görüşdə ölkədə elektron ödəniş sistemlərinin inkişafı və perspektivləri barədə müzakirələr aparılıb.

Azərbaycanda səfərdə olan "VİSA"nın nümayəndələri "Azexport" portalı və Rəqəmsal Ticarət Qovşağı ilə yaxından tanış olublar. Şirkətin nümayəndələri "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə baş çəkiblər.

"VİSA" şirkətinin Hökumətlə Əlaqələr üzrə Direktoru Yuliya Zavalişnaya bildirib ki, regionda, xüsusən Azərbaycan ilə əməkdaşlığın artırılmasında maraqlıdırlar: "Bu istiqamətdə tez bir zamanda lazımi addımlar atılacaq".

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.