Azərbaycan məhsullarının ixracına dair müqavilələr imzalanıb

13 Oktyabr 2017 15:37 (UTC+04:00)

“ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan məhsullarının ixracına dair müqavilələr imzalanıb Oktyabrın 13-də Bakı Biznes Mərkəzində "Made in Azrebaijan" brendinin təbliği sahəsində həyata keçirilən tədbirlər, eləcə də Almaniyanın Köln şəhərində keçirilmiş "ANUGA" Beynəlxalq Ərzaq Sərgisinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Oktyabrın 7-11-də Almaniyanın Köln şəhərində keçirilmiş “ANUGA” Beynəlxalq Ərzaq Sərgisi barədə danışan AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev bildirib ki, sərginin qida və içkilər pavillionlarında Azərbaycan “Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu pavillionlarda Azərbaycan şirkətlərinin meyvə şirələri, müxtəlif növ şərabları və təbii mineral suları, meyvə, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları nümayiş olunub. Qeyd edilib ki, Azərbaycan stendində sərgi ziyarətçilərinə ixracatçı şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları barədə geniş məlumat verilib. Mətbuat konfransında diqqətə çatdırılıb ki, sərginin keçirildiyi 5 gün ərzində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendi və burada təqdim edilən 20-dən çox yerli şirkətimizin məhsulları sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən maraqla qarşılanıb. Belə ki, xarici ölkələrdə keçirilən digər sərgilərdə olduğu kimi, “ANUGA” Sərgisində də Azərbaycanın bir sıra məhsulları, xüsusilə nar və nar şirəsi ziyarətçilərin və şirkətlərin diqqət mərkəzində olub. Azərbaycanın “Azqranata” şirkəti İsrailə 20 ton nar şirəsi ixracına dair müqavilə imzalayıb, Qətərə “+more” markası ilə müxtəlif meyvə şirələrinin ixracına dair ilkin razılıqlar əldə edib. “Mars FK” şirkəti İsveçrə və Monqolustanın satış şirkətləri ilə apardığı danışıqların nəticəsində bu ölkələrə ilkin olaraq 100 ton və 18 ton nar ixracına dair sifarişlər alıb, “Aqro-Azerinvest” MMC isə Almaniyaya “Goldenes Baku” markalı nar şərabının ixracına dair razılıq əldə edib. Bundan başqa, “Sirab” şirkəti Səudiyyə Ərəbistanına mineral suların ixracına dair danışıqlara başlayıb. Xüsusi emal üsulu ilə qurudulmuş xurma istehsal edən “Bal Xurma” şirkəti Argentina, Niderland, İtaliya və Yunanıstanda otellərin qida təchizatı ilə məşğul olan bir sıra şirkətlərlə danışıqlar aparıb və ixraca dair ilkin razılıqlar əldə edib. Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron” MMC isə sərgi çərçivəsində Rumıniyaya ixraca dair danışıqlar aparıb. Azərbaycanın fındıq istehsalçıları da sərgi çərçivəsində bir sıra müqavilələr imzalayıblar. Belə ki, Azərbaycanın fındıq istehsalçısı “Azərstar” Hollandiya və Danimarkanın satışla və qənnadı məmulatlarının istehsalı ilə məşğul olan şirkətləri ilə iki müqavilə imzalayıb. Müqavilələrə əsasən, “Azərstar” şirkəti oktyabr və dekabr aylarında bu ölkələrin hər birinə ilkin mərhələdə 22 ton fındıq ixrac edəcək. “Azərstar” həmçinin, İsveçrəyə 22 ton fındıq ixracına dair danışıqlar aparıb.

“Xan EL” şirkəti 40 ton fındığın İtaliyaya ixracına dair bu ölkənin şokolad istehsalçısı ilə müqavilə imzalayıb. “Aqrovest” MMC Azərbaycan fındığının Hollandiya, Belçika və Lüksemburqa ixracına dair Hollandiya şirkəti ilə danışıqlara başlayıb. Azerbaijan Hazelnut Exporters Consortium (AHEC) isə İtaliyaya 48, Çexiya və Yunanıstana isə hər birinə 22 ton fındıq ixracına dair ilkin razılıqlar əldə edib.

“ANUGA” Sərgisində “Made in Azerbaijan” brendinin təbliği məqsədilə bir sıra promo materiallardan istifadə edilib. Belə ki, sərginin girişlərində “Made in Azerbaijan”a dair reklam bannerləri yerləşdirilib, ziyarətçilər üçün bələdçi və kataloqlarda “Made in Azerbaijan” reklam olunub. Bundan başqa, sərgidə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən video çarxlar nümayiş olunub.

Qeyd edək ki, “ANUGA” Beynəlxalq Ərzaq Sərgisi Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunduğu sayca 4-cü sərgidir. Bundan əvvəl ölkəmiz “Gulfood 2017”, “Worldfood Moscow” beynəlxalq ərzaq və “Prowein 2017” şərab sərgisində “Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunub. Vahid ölkə stendinin təşkili xərcləri dövlət büdcəsi hesabına qarşılanır.

Sərgidə iştirak etmiş şirkətlərin nümayəndələri imzalanan sazişlər, əldə olanan razılaşmalar barədə məlumat verib, sahibkarlığın inkişafına, ixracatçılara göstərilən böyük diqqət və qayğıya, dəstək tədbirlərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.