Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

13 Oktyabr 2017 14:47 (UTC+04:00)

Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində hər il olduğu kimi, bu il də Azərbaycan təmsil olunub. SİA-nın verdiyi məlumata görə, sərgidə Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərin diqqətinə təqdim edilib.

Sərginin ilk günündə Türkiyə Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyənin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri nümayəndə heyəti ilə birgə Azərbaycan pavilyonunu ziyarət edib, həmçinin Azərbaycan nümayəndə heyəti bir sıra işgüzar görüşlər keçirib.

Sərginin növbəti günündə isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin elmi və mədəni layihələr üzrə rəhbəri Arzu Təbrizli açaraq mərkəzin fəaliyyəti haqqında məlumat verib.

Daha sonra uzun illərdən bəri Almaniyada yaşayan Nizami irsinin tədqiqatçısı Sevil Fuks "XVIII-XXI əsrlərdə alman dilli nizamişünasların elmi tədqiqatlarının nəticələri" mövzusunda çıxış edib. S.Fuks 15 il ərzində apardığı araşdırmalara əsaslanaraq Almaniyada hər zaman Nizami irsinə böyük maraq olduğunu və “Xəmsə”nin əcnəbi dillər arasında tam formada yalnız alman dilinə tərcümə edildiyini diqqətə çatdırıb.

Nizami qəzəllərinin alman dilinə tərcüməçisi Rozmari Kuper isə böyük şairin “Xəmsə”sinə daxil olan “Yeddi Gözəl” poemasından çevirdiyi “Fitnə” hekayəsini almanca səsləndirib.

Tədbir çərçivəsində, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadə Berlin Dövlət Kitabxanasındakı 21 ədəd "Xəmsə" poemalar toplusu, Drezden kitabxanasında olan “Kitabi Dədə Qorqud” dastanı və 1751-1817-ci illərdə yaşamış görkəmli alman diplomatı və elm xadimi Henrix Fridirx fon Ditzin kolleksiyasında qorunan qədim əlyazmalara çəkilmiş miniatür nümunələrinin tədqiqi ilə bağlı ingilis dilində çıxış edib. Həmçinin tədbir iştirakçılarının diqqətinə qeyd olunan qədimi əlyazmalarda yer alan miniatür sənət nümunələrinin fotolarından ibarət material təqdim olundu.

Tədbirdə “Mayns-Azərbaycan” Cəmiyyətinin sədri Başar Kömür, “Avropa Əməkdaşlıq Forumunun” sədri Samirə Patzer-İsmayılova, Azərbaycanın Almaniyadakı Səfirliyinin birinci katibi Emin Teymurov, Səfirliyin müşaviri Rüfət Həmidov və başqa qonaqlar iştirak edib.