Qənirə Paşayeva AŞPA-nı ittiham etdi

13 Oktyabr 2017 14:42 (UTC+04:00)

Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azad müzakirələr” zamanı çıxış edən millət vəkili, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva təşkilatı ikili standartlarda ittiham edib.

SİA-nın verdiyi məlumata görə, Q.Paşayeva bəzi deputatların Azərbaycan əlehinə apardığı kampaniyaya sərt cavab verib: ”Mən bu gün başqa bir çıxış edəcəkdim, amma təəssüflər olsun ki bəzi millət vəkillərinin özəlliklə Ermənistan heyətinin ölkəm əleyhinə bir neçə gündür burda dilə gətirdikləri saxta ittihamlara, yalanlara cavab vermək məcburiyyətindəyəm. 12 ildir burda ölkəmin təmsilçisiyəm. Amma bu gün yalan-yanlış bilgilərlə "insan haqları" adı altında Azərbaycanı ittiham edən bəzi deputatların Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində öz evlərindən sürgün edilmiş 1 milyon azərbaycanlı qaçqı-məcburi köçkünün Ermənistan tərəfindən pozulmuş "insan haqlarını" müdafiə etmələrini heç bir zaman görmədim.

Nə üçün yüz minlərlə azərbaycanlı qaçqının haqlarını pozan Ermənistana qarşı təzyiq tətbiq etmək üçün Assambleyamız heç bir addım atmır? Evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı məcburi köçkün Assambleyamızdan bu suallarına cavab gözləyirlər. Ermənistan bütün dünyanın gözləri önündə Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 insanı qətlə yetirdi, yüzlərlə insan o soyuq qış günlərində ağır yaralı olaraq canlarını zorla qurtardı. Ermənistan Xocalıda bir soyqırımı həyata keçirdi və oradan sağ canlarını qurtara bilmiş çox az sayda məcburi köçkün bu gün də öz evlərinə dönə bilmir. Nə üçün bu insanların pozulmuş haqlarının müdafiəsi üçün Assambleyamız heç bir addım atmır? Nə üçün ikili standartlar davam edir? Xocalılar Assambleyamızdan bu suallarına cavab gözləyirlər.

Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törədənlər bu gün Ermənistanda yüksək vəzifə tuturlar və bu günə qədər ədalət qarşısında cavab verməyiblər. Baş katib Yagland Azərbaycan əleyhinə çıxışlar edir. Amma onun doğrudan Ermənistan prezidentinin özünə birbaşa deməsinə baxmayaraq, Ermənistan dövləti AŞPA-nın çağırışlarına məhəl qoymur, bu gün də qanunsuz olaraq girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi azadlığa buraxmır.

Nə üçün cənab Yagland və Assambleyamız bu insanların pozulmuş insan haqlarının müdafiəsi, onların azadlığa buraxılması üçün Ermənistana qarşı təzyiq göstərilməsi istiqamətində ciddi addımlar atmır?

Dilqəm Əsgrov və Şahbaz Quliyevin ailəsi sizdən bu suallarına cavab gözləyirlər.

Ermənistan heyətinin neçə gündür Azərbaycan əleyhinə yalanlarla dolu açıqlamalarına gəlincə. Buradan onlara demək istəyirəm ki, siz ASALA terror təşkilatının liderlərindən olan Varaujan Garabediandan bəhs edin. Fransanın Orli hava limanında Türk Hava Yollarının bürosuna bombalı hücum edərək 8 məsum insanın ölməsinə, 55 nəfərin yaralanmasına səbəb olan terrorçunun Ermənistan dövlətinin və siyasətçilərinin müraciətlərinə əsasən Fransada necə əfv edilməsindən və sizin onu Ermənistanda qəhrəman elan etməyinizdən bəhs edin. Terrorçunu qəhrəmana çevirən bir dövlətin millət vəkillərinin burda bizə insan haqlarından bəhs etmə haqları yoxdur. Biz burdan bu terrorçu və onunla birlikdə terorlarda iştirak edən ermənilərlə bağlı araşdırmalar, istintaqın aparılmasını tələb edirik”.