Deputat: “Ermənistan çökür, iqtisadi və siyasi tənəzzülə uğrayır” AÇIQLAMA

13 Oktyabr 2017 13:00 (UTC+04:00)

“Yaxın zamanlarda Azərbaycan və Ermənistan prezdentlərin görüşü gözlənilir. Prezdentlərin görüşündən gözləntilərimiz böyükdür. Çünki, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. İstəyirik ki, məsələ müzakirə olunsun, ermənilər iddialarından əl çəksin, qaçqınlarımız öz doğma yurdlarına qayıtsın və Daglıq Qarabağda da normal ritmli həyat bərpa olunsun. Amma hər şey düşmən ölkənin rəhbərliyindən asılıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, əgər Sarkisyan konstruktiv mövqe sərgiləsə və gündəmdə olan məsələlərə razılığını versə təbii ki, bu görüş Azərbaycan Ermənistan münasibətlərinin yeni başlanğıcı ola bilər: “Mən əminəm ki, qeyd etdiyim vəziyyət tez-gec gəlib çatacaq. Bu gün olmasa da yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həllinə və işğala son qoymağa razı olacaqlar. Çünki, ermənilərin ayrı çıxış yolu yoxdur. Ermənistan çökür, iqtisadi və siyasi tənəzzülə uğrayır. Yaşayışları acınacaqlı olduqlarına görə ölkəni tərk edənlərin sayı günü-gündən artmağa başlayıb. Orduda əsgər problemi yaşanır. Hətta erməni siyasətçiləri də Ermənistanın bugünki vəziyyətini görüb Azərbaycanla razılaşmaqdan başqa onların ayrı yolun olmadığını gündəmə gətirməyə başlayıblar”.