Azərbaycanda 1000 kişiyə 1006 qadın düşür statistika

13 Oktyabr 2017 11:22 (UTC+04:00)

Azərbaycanda ölkə əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.