YAP Cəbrayıl rayon təşkilatının IX konfransı

12 Oktyabr 2017 17:01 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası ölkəmizin ictima-siyasi həyatının aparıcı qüvvəsidir

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının IX konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransdan əvvəl tədbir iştirakçıları və qonaqlar - Milli Məclisin deputatı Astan Şahverdiyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev və YAP Cəbrayıl rayon təşkilatı İdarə Heyətinin üzvləri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Sonra konfrans Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonundakı 4 saylı qəsəbə klubunda öz işinə başlayıb. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısının birinci müavini, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev açıq elan edərək geniş hesabat məruzəsi ilə çıxış edib. A.Fərzəliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyası regionun ən iri və ən güclü siyasi partiyalarından biridir: “Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən YAP ötən 25 il ərzində bir çox uğurlara imza atıb. Partiyamızın sıraları genişlənərək 700 mini ötüb, beynəlxalq nüfuzu artaraq möhkəmlənib. Bu gün Yeni Azərbaycan Partiyasına Prezident İlham Əliyevin Sədrlik etməsi və bu yolda onun yorulmaq bilməyən titanik fəaliyyəti, partiyamızın inkişafının və qazandığı uğurların əsasını təşkil edir. Azərbaycan müstəqilliyin ilk illərində bir çox ciddi sınaqlarla üzləşmiş, tariximizin ən ağır, ən faciəli

hadisələrini yaşamışdır. Lakin xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi, müdrikliyi və uzaqgörənliyi səyasində respublikamız bu sınaqlardan şərəflə çıxaraq bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutub”.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov konfransda çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir: “Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir. Eyni zamanda bütün regionlarımızda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü və etibarlı tərəfdaş kimi tanınmışdır. Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Azərbaycan dünya miqyasında idman, multikulturalizm, dini, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrilib”.

Konfransda Milli Məclisin deputatı Astan Şahverdiyev çıxış edərək partiyanın fəaliyyətindən, ölkəmizin sürətli inkişafından söz açıb: “YAP ölkəmizin siyasi-sosial həyatında həmişə ön sırada olan söz sahibi, yeni cəmiyyət quruculuğunun hərəkətverici qüvvəsi, xalqımızın milli məfkurəsinin ideoloji bazası olmuşdur. Məhz xalqın istək və arzularının əvəzsiz ifadəçisi olan partiyamız indiyə qədər keçirilmiş bütün siyasi tədbirlərdə, parlament, prezident, bələdiyyə seçkilərində,

referendumlarda parlaq qələbələr qazanmışdır. Şübhə yoxdur ki, bu uğurlar davamlı olacaqdır”.

Sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan geniş söhbət açıb: “Hər kəsə yaxşı məlumdur ki, müstəqilliyin ilk illərində Azərbaycan çətin bir vəziyyətdə idi. Ölkədə qarışıqlıq, anarxiya hökm sürürdü. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən isə daxili çəkişmələr Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhlükə qarşısında qoymuşdu. Belə bir ərəfədə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalı ümummilli lider Heydər Əliyevə müraciət etdi. Məhz bu müraciətdən sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Eyni zamanda partiyanın Siyasi Şurası və İdarə Heyəti formalaşdı. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu”.

Bununla Azərbaycanın xilasının başlandığını qeyd edən V. Rəhimzadə YAP-ın 25 ildə keçdiyi tarixi yola nəzər salıb: “Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. Tarixi zərurət nəticəsində yaranan YAP çox qısa müddət sonra Azərbaycanda hakimiyyət partiyasına çevrildi və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazandı. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş vermişdir. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşir. Azərbaycan tarixində indiyə qədər 700 mindən çox üzvü olan siyasi təşkilat olmayıb. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın bütün dünyada tanınmasına nail olub. Sözsüz ki, ölkənin inkişafının önündə YAP lokomotiv kimi çıxış edərək xalqın rifahına xidmət edir və bundan sonra da edəcəkdir”.

Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. Arif Fərzəliyev yekdilliklə rayon təşkilatının sədri seçilib. Konfransda, həmçinin YAP Cəbrayıl rayon təşkilatının 9 nəfərdən ibarət İdarə Heyəti, 27 nəfərdən ibarət Şura üzvləri və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib.

Sonda bir sıra YAP fəallarına Fəxri fərmanlar təqdim olunub.