II Bakı Ticarət Festivalı ilə bağlı yeniliklər

12 Oktyabr 2017 14:16 (UTC+04:00)

Bu gün II Bakı Ticarət Festivalı ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivaldakı yeniliklərlə bağlı məlumat verib.

Nazir qeyd edib ki, budəfəki şopinq festivalı çərçivəsində ilk dəfə xüsusi turpaketlər təqdim ediləcək: "II Bakı Şopinq Festivalı aviabilet, transfer, sığorta, hoteldə qalma, həmçinin mağazalara şopinq turların təşkilinin daxil olduğu turpaketlər təqdim edəcək".

Ə.Qarayevin sözlərinə görə, ötən festivaldan fərqli olaraq, bu dəfə xüsusi dəvət olunmuş ulduzlar olmayacaq: "Bakı Ticarət Festivalı ilə eyni vaxtda caz festivalı keçiriləcək. Buna görə də xarici ulduzların dəvətinə ehtiyac görmədik. Turistlərin stimullaşdırılması üçün lotereyalar da keçiriləcək, Fəvvarələr meydanında isə festivalın fan-zonası fəaliyyət göstərəcək".

Nazir bildirib ki, II Bakı Ticarət Festivalında iştirak etmək üçün qeydiyyatdan 578 şirkət keçib: "Ötən festivalla müqayisədə iştirakçıların 2,8 dəfə artıb. Əgər ötən festival zamanı 172 şirkət ƏDV qaytarırdısa, budəfəki festival çərçivəsində belə şirkətlərin sayı 467 olacaq. Bundan başqa, bu dəfə ƏDV qaytarmayacaq 111 şirkət qeydiyyatdan keçib, lakin onlar festivalın tərəfdaşıdır. Ötən festivalda belə tərəfdaşların sayı 33 idi. İlk dəfə II Şopinq Festivalında supermarketlər və apteklər də iştirak edəcək. Supermarketlərə gəlincə, ƏDV-nin qaytarılmasının ərzaq məhsullarının alışına aidiyyəti olmayacaq".

Əbülfəs Qarayev, həmçinin payızda ölkəyə gələn turistlərin sayının artacağını bildirib: "II Bakı Şopinq Festivalının da əsas işi Azərbaycana payız mövsümündə turist axınının artırılmasıdır. Bildiyiniz kimi, yay mövsümünün yekununa əsasən Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Sentyabrda da artım müşahidə olunub, lakin cəmi 8 faiz. Buna görə də biz oktyabr və noyabr aylarında da turistlərin sayını artırmaq istəyirik".

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.