Nizami rayonunda YAP-ın 25 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib

12 Oktyabr 2017 12:43 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verilib, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunub, irimiqyaslı tədbirlər həyata keçirilib. Ulu Öndərin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir.

SİA-nın verdiyi məlumata görə, dövlət başçısının respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq, həmçinin, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və rayon rəhbərliyi iştirak edib.

Belə ki, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənib, mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 150-dən çox müxtəlif növ ağac və kollar əkilib.

Məqsəd ərazidəki yaşıllıq zolağını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə dövlət başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində gündən-günə gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.

Ağacəkmə aksiyasından sonra Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzinin tələbələri ilə görüş olub.