“Traviata” operası nümayiş edilib

12 Oktyabr 2017 09:20 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş edilib. SİA-nın məlumatına görə, səhnə əsəri Azərbaycanın ilk qadın opera müğənnisi, Xalq Artisti, professor Şövkət Məmmədovanın anadan olmasının 120 illiyi çərçivəsində təqdim olunub.

Unudulmaz sənətkarın xatirəsinə həsr edilmiş səhnə əsərində teatrın aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Cahangir Qurbanov, Əkrəm Poladov və gənc solist Nina Makarova çıxış ediblər.

Opera Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunub.

Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Opera üçün hazırlanmış maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

Qeyd edək ki, Milanda və Kiyevdə peşəkar musiqi təhsili almış Ş.Məmmədova uzun illər Opera və Balet Teatrının solisti olmaqla yanaşı, teatrın səhnəsində bir çox parlaq obrazlar qalereyası yaradıb.