Rezidentlər üçün attestasiya imtahanı keçirilib

9 Oktyabr 2017 16:14 (UTC+04:00)

Azərbaycan Tibb Universitetinin (ATU) Virtual Test Mərkəzində Azərbaycan Respublikasının 41 bazası üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) rezidentlər üçün dövrü attestasiya imtahanı keçirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, ATU-nun Rezidentura şöbəsinin müdiri, dosent Rizvan Məmmədovun sözlərinə görə, 41 baza üzrə 144 fəndən test imtahanları hazırlanıb, apelyasiya komissiyası yaradılıb: "İmtahan 2 gün davam edib. Bu il rezidenturaya daxil olanları nəzərə almasaq, ümumilikdə 1728 rezidentimiz var. 1728 nəfərdən iki gün ərzində 990 nəfər rezident imtahan verib. 45 nəfəri imtahandan kəsilib. Onlar üçün bir ay sonra yenidən imtahan keçiriləcək. Onu da deyim ki, imtahanla bağlı apelyasiya müraciəti olmayıb".

Qeyd edək ki, bir neçə aydan sonra rezidentlərin buraxılış imtahanı keçiriləcək.