XİN rəhbəri pakistanlı həmkarı ilə görüşüb

24 Sentyabr 2017 11:18 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asiflə görüşüb.

SİA-nın verdiyi məlumata görə, Elmar Məmmədyarov Pakistanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasını tanıyan ilk dövlətlərdən olduğunu və bu ilin diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlamətdar olduğunu xatırladaraq, iki dövlət arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib. Dostluq və qardaşlıq xarakterli münasibətlərin irəlilədilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını deyib və bu xüsusda, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 2017-ci ilin fevral ayında Pakistana səfərini xüsusi qeyd edib.

Nazir K.Asif Pakistanın dost ölkə olam Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini deyib.

Görüşdə Azərbaycan və Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini, İslam dininə aid ibadət ocaqlarını vəhşicəsinə talan və məhv etdiyini, qoşunların təmas xətti boyunca mülki insanları, o cümlədən uşaq və qadınları qəsdən hədəfə aldığını diqqətə çatdırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə yanaşı, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər barəsində fikir mübadiləsi aparıblar.