Güləşçilərimiz dünya çempionatında daha üç medal qazanıblar

24 Sentyabr 2017 00:35 (UTC+04:00)

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının dördüncü günündə - sentyabrın 24-də Azərbaycan idmançıları 2 gümüş və 1 bürünc medal qazanıblar.

Bununla da Azərbaycan milli komandasının aktivindəki medalların sayı 10-a çatıb.

Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışın dördüncü günündə Azərbaycanın dörd güləşçisi mübarizəyə qoşulub. Belə ki, yunan-Roma güləşçilərimiz Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxıblar.

İlk görüşdə isveç güləşçisi Dietçe Damianı 4:3 hesabı ilə məğlub edən Elton Vəzirzadə sonrakı qarşılaşmada Koreya Respublikasından olan Yu Yeontak üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Daha sonra Elton Vəzirzadə Ermənistan idmançısı Rafike Manukyanı 6:4 hesabı ilə məğlub edərək finala çıxıb.

Finalda Elton Verdizadə ukraynalı Andrey Antonikə məğlub olub gümüş medal qazanıb. İslam Abbasov ilk görüşdə Estoniya təmsilçisi Piaser Martinə 8:0 hesabı ilə qalib gəlib. O, ikinci görüşdə yunanıstanlı İlias Boukiseni 9:0 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə İslam Abbasov erməni idmançı Argosti Abqaryanı 5:0 hesabı ilə məğlub edib və bürünc medal qazanıb.

Orxan Nuriyev Koreya Respublikasından olan Gu Hak Bonu 13:2, çin idmançısına 4:3, Finlandiya güləşçisinə isə 4:2 hesabı ilə qalib gəlib və ikinci olub. İlk görüşdə çinli Siemge Qaribunu 4:0 hesabı ilə məğlub edən Cavid Feyziyev isə medal uğrunda mübarizəni dayandırıb. Dünən həmçinin yarışların bağlanış mərasimi də olub.