Macarıstan voleybolçuları polyaklara da uduzdular

24 Sentyabr 2017 00:07 (UTC+04:00)

Sentyabrın 23-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatında günün ikinci oyununda “A” qrupunda komandamızın rəqibləri olan Polşa və Macarıstan voleybolçuları üz-üzə gəliblər.

Bakıda Milli Gimnastika Arenasında maraqlı idman mübarizəsi şəraitində keçən matç Polşa millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün birinci setində daha dəqiq oynayan polşalılar 25:22 hesabı ilə qalib gəliblər. Qarşılaşmanın ikinci hissəsində əzmkarlıq nümayiş etdirən macarıstanlı voleybolçular hesabı bərabərləşdiriblər - 25:19. Görüşün üçüncü setində təşəbbüsü ələ alan polşalı voleybolçular hissəni öz aktivlərinə yazıblar - 25:17. Dördüncü setin əvvəllərində Macarıstan yığmasının hesabda yeddi top fərqi ilə irəli çıxmasına baxmayaraq, Polşa millisi hissənin ortalarında üstünlüyü yiyələnərək seti öz xeyirlərinə tamamlayıb - 25:18.

Beləliklə, rəqiblərini 3:1 hesabı ilə məğlub edən polşalı voleybolçular turnirdə ardıcıl ikinci qələbələrini qazanıblar. Sentyabrın 24-də bu qrupda yer alan Azərbaycan komandası Polşalı voleybolçularla qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.