BŞBPİ paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb

23 Sentyabr 2017 17:29 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsi sentyabrın 23-də paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.

İdarədən SİA-ya verilən məlumata görə, sentyabrın 23-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat partiyası gənclər təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.