Palıd ömrü

23 Sentyabr 2017 12:37 (UTC+04:00)

Murat Baykal

(İlisu dağlarında Sadıq baba (Murtuzayev) zirvəsinin 90 yaşı humayun olsun)
(Meşədə təbiət ildırım oynadanda, ildırıma sinə gərib,
kömürləşən, külə dönüb meşəni xilas edən palıd ağacı olur)


Sadıq baba, kəklik otu dərəndə,
Süsənbəri gündöyənə sərəndə,
Ağmayalar süd yuxusu görəndə,
Hərdən Şamil qalasını yad elə,
Hacı Murad talasını şad elə.

Sadıq baba, çoban qoyun sağanda,
Dağlar qızı yəhər üstə doğanda,
Kəlimətsiz qəhər səni boğanda,
Həsrətini at alova, sal buza,
Rəvamıdır, atəş suya uduza?!

Sadıq baba, dağ günəşə yaxındı,
Gül balalar halal varın, yoxundu,
Nəcabətin xalçalara toxundu,
Dünya qopsa, qəlbin dağdan üzülməz,
Lampan nurdan, piltən yağdan üzülməz.

Sadıq baba, doğma diyar təşnədi,
Zirvələrin Qırat kimi kişnədi,
Ellər bilir, səni üzən şiş nədi,
“Can” deyənə rahat güzar tapılmır,
Can verənə ucuz məzar tapılmır.

Sadıq baba, dünya yalan püskürür,
Şəbədələr mürşidləri küsdürür.
Qoca Şərqin hər qarışı tüstüdü,
Xaçpərəstin yumurtası tərs gəlib,
Müsəlmanın avand işi nəs gəlib.

Əyrilərdi düzə yara vuranlar,
“Bükül” deyir, dizə yara vuranlar,
Köhnə dərdə təzə yara vuranlar,
Keçmişləri yada salır ötərgi,
Gələcəyin onlar üçün nə fərqi?!

Sadıq baba, quyu qazan olmadın,
Pisliyi də pisə yozan olmadın,
Həyat verdin, həyat pozan olmadın,
Əhdin vətən, andın millət eşqidi,
Ülviyyətin haqqın zəfər məşqidi.

Yaradanın yaraşığı həyatdı,
Qəmin dəmlə qarışığı həyatdı
Təzadların barışığı həyatdı,
Sağ qanadın Mustafa bəy Kamaldı,
Sol qanadın Əbdül Nasir Camaldı.

Sadıq baba, fürsət qaçıb nəzərdən
Qeyrət umur Qara dəniz Xəzərdən.
Anadolu Şərq deməkdi əzəldən,
Ya vaxtında güneyləri dərk edək,
Ya indidən qüzeyləri tərk edək.

Yayınmısan neçə gizli maşadan,
Dərs almısan Ulu Öndər Paşadan,
İlahidir səni nikbin yaşadan
Bilirsənmi, daşın niyə ağırdı?
Çünki kinin və qəzəbin fağırdı.

Kimisini baş ağrısı incidir,
Kimisini daş ağrısı incidir,
Səni yalnız yaş ağrısı incidir,
Həm atəşdi, həm kömürdü varlığın
Bir könüldə min könüldü varlığın.