YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin II Konfransı keçirildi

19 Sentyabr 2017 19:00 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı qərargahının akt zalında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin II Konfransı keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlamış, Ulu Öndər Heydər Əliyevin gənclərə ayırdığı xüsusi diqqəti özündə əks etdirən video-çarx nümayiş etdirilmişdir. Video - çarxda Yeni Azərbaycan Partiyasının banisi, siyasi fəaliyyəti ilə daima gənclərə örnək olan Heydər Əliyevin çıxışlarına, gənclərə müraciətinə xüsusi yer verilmişdir.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Umummilli Lider Heydər Əliyevin qurucusu olduğu YAP-ın keçdiyi şərəfli, qürurverici tarixi yolundan danışmışdır. Bildirmişdir ki, YAP xalqın partiyası olaraq ölkəmizin ictimai siyasi həyatında, geniş quruculuq abadlıq işlərinin aparılmasında yaxından iştirak edir: Bu gün birmənalı mövqe ondan ibarətdir ki, YAP nəinki, Azərbaycanda, ümumiyyətlə Cənubi Qafqazda ən aparıcı, lider siyasi təşkilatdır. Bu uğurlara xalqa, dövlətə xeyrli, gərəkli fəaliyyəti və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə sədaqətli olması ilə nail olub. YAP bundan sonrada inkişaf edəcək, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacaq”.

Pirallahı rayonunda keçirilən hər bir tədbirdə YAP Pirallahı rayon təşkilatının səmərəli fəaliyyətindən geniş məlumat verən Hikmət Şikarov onu da vurğuladı ki, bundan sonrakı fəaliyyətimizdə də daima partiyanın siyasi kursunu rəhbər tutaraq Azərbaycan Respublikasının rifahı, inkişafı naminə xidmət göstərəcəyik.

Tədbirdə millət vəkili Fuad Muradov və YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək bildirdilər ki, bu gün ölkəmizin əldə etdiyi ugurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Vurğulandı ki, son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin gördüyü işlər barədə hesabat dinlənilmişdir.

Çıxışlarından sonra partiyanın fəal üzvlərinə Fəxri Fərmanlar, yeni YAP üzvlərinə partiya üzvlük vəsiqələri təqdim olunmuşdur. Səsvermə yolu ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin 21 nəfərdən ibarət Şura üzvləri, 11 nəfərdən ibarət İdarə Heyəti, yeni sədr və sədr müavinləri seçilmişdir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Həşimli Mehman Vahid oğlu seçilmişdir.

Sonda Konfransın qərar layihəsi səsvermə yolu ilə təsdiq olunmuşdur.

Rövşən Rəsulov