Karateçilərimizdən 18 medal

19 Sentyabr 2017 17:32 (UTC+04:00)

Karate üzrə Azərbaycan milli komandasının üzvləri İsveçrədə keçirilən VIII “Basel Open Masters” turnirində 18 medal qazanıblar. SİA-nın məlumatına görə, medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürüncdür.

Üç kateqoriya üzrə keçirilən turnirdə fərdi mübarizədə Rəfael Ağayev (-75 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), İlahə Qasımova (-55 kq) və İrina Zaretska (-68 kq) çempion olublar. Firdovsi Fərzəliyev (-60 kq), Nuranə Əliyeva (-50 kq) və Fəridə Əliyeva (+68 kq) ikinci, Novruz Əliyev (-75 kq) və Ayxan Mamayev (-84 kq) isə üçüncü pillədə qərarlaşıblar.

Açıq turnirdə isə Asiman Qurbanlı (+84 kq) və Fəridə Əliyeva birinci, Ayxan Mamayev ikinci yeri tutub.

Yarışın mükafatçıları arasında keçirilən “Masters” turnirində isə Rəfael Ağayev və İrina Zaretska qızıl, Ayxan Mamayev gümüş, Asiman Qurbanlı və Fəridə Əliyeva isə bürünc mükafat qazanıblar.

Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə VIII “Basel Open Masters” beynəlxalq karate turnirində uğurla çıxış edən idmançılarımız həmin yarışdan birbaşa İstanbulda keçiriləcək Dünya Karate Federasiyasının (WKF) Karate 1“A” seriyalı turnirinə yollanacaqlar.