BANM-ın Yunanıstan Universiteti ilə əməkdaşlığı

19 Sentyabr 2017 12:45 (UTC+04:00)

Bakı Ali Neft Məktəbində (BANM) Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetinin (PUAS) Mühəndislik fakültəsinin professoru Panayotis Yannakopolus və sözügedən fakültənin dosenti, Erasmus proqramının koordinatoru Konstantinos-Stefanos Nikasla görüş keçirilib. Bakıya səfər PUAS ilə Erasmus + proqramı üzrə yaradılmış əməkdaşlıq çərçivəsində baş tutub.

BANM-dan SİA-ya verilən məlumata görə, görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müdiri Manafəddin Namazov, Erasmus+ proqramına cəlb olunan tələbələr iştirak ediblər.

BANM-ın rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq bu kimi tərəfdaşlığın həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa davamlığını vurğulanıb.

PUAS-ın nümayəndələri Panayotis Yannakopolus və Konstantinos-Stefanos Nikas öz növbəsində təmsil etdiyi universitetdə bir çox mühəndislik proqramlarının tədris edildiyini və BANM-la əməkdaşlığa açıq olduqlarını bildiriblər.

Səfər çərçivəsində birgə əməkdaşlığın gələcək inkişaf istiqamətləri, tələbə və professor-müəllim heyətinin mübadiləsi ilə bağlı məsələlər müzakirələri, tədris və elmi materialların mübadiləsi, magistratura səviyyəsində təhsili istiqamətində birgə tədbirlərin həyata keçirilməsi üçün danışıqlar aparılıb. Yunanıstanlı qonaqlar həmçinin BANM-ın yeni kampusu və Bakının tarixi abidələri ilə tanış olacaqlar.

Xatırladaq ki, ötən ilin yaz semestri ərzində Erasmus + proqramı çərçivəsində BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan V kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov PUAS-da təhsil alıblar. Cari ilin payız semestri isə PUAS-da BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Rəmziyyə Qarazadə təhsil alacaq.

Qeyd edək ki, Erasmus + proqramı Avropa İttifaqının bir sıra istiqamətlərlə yanaşı, ali təhsil istiqamətini də nəzərdə tutan genişmiqyaslı proqramdır. Proqram çərçivəsində 2016-cı ildə BANM ilə PUAS arasında mübadilələri nəzərdə tutan əməkdaşlıq haqqında müqavilə imzalanıb.