Müəllim qaranlığı yaran işıq deməkdir

19 Sentyabr 2017 10:21 (UTC+04:00)

QAYITMAZ ABASOV-95
(Portret cizgiləri)

Bu ilin avqust ayının 15-də Cənub bölgəsinin ən böyük maarif xadimlərindən biri, tanınmış ziyalı, minlərlə şagirdlərə ziya bəxş etmiş Qayıtmaz Abasovun anadan olmasının 95 ili tamam oldu. Onunla bağlı Yardımlı rayon rəhbərliyi səviyyəsində böyük tədbir sentyabr ayının sonuna planlaşdırılıb. Əvvəlcədən deyim ki, bu, alqışa layiqdir. Çünki axır vaxtlar biz keçmiş müəllimlərimizi demək olar ki, yaddan çıxarmışıq. Onların Azərbaycan təhsilinə verdiyi töhfələri, iş üslublarını, təhsildə əldə etdikləri böyük uğurlar çox zaman yaddan çıxır və təbliğ olunmur. Əslində bütün bunlar cavan müəllimlər üçün bir örnək ola bilər.

Çox zaman biz bir-birimizə belə bir sual veririk. Müəllim kimdir? Bu suala cavab verən insanların cavablarını qruplaşdırılarkən tarix boyu bir neçə məntiqi cavablara daha çox üstünlük veriblər. Mən də həmin müqəddəs cavabları məqsədyönlü hesab edərək, xırdalamaq istəyirəm.

Müəllim - hamıya hər şeyi öyrədən adam. Bizə qələm tutmağı öyrədən əvəzsiz insan, bizi elmlərin əsaslarına yiyələndirən şəxsiyyət, müqəddəslik mücəssəməsi və nəhayət insanları kamal dünyasına aparan fəzilət, ağıl sahibi, qaranlığı yaran işıq deməkdir. Müəllimin kimliyini səciyyələndirən bu maraqlı cavablarla yəqin hamı razılaşar. Niyə də razılaşmasınlar? Axı dahilərin ümumiləşdirilmiş belə bir maraqlı fikri var: "Bizi göydən yerə endirən, işıqlı dünyaya gətirən Allahdırsa, bizi yerdən göyə qaldıran, kainatın, gerçəkliyin sirlərinə yiyələndirən, onların sahibi edən - müəllimdir". Yəni əsl müəllim. Mən də sizə belə bir müəllim haqqında söhbət açmaq istəyirəm, əziz oxucum.

Qarşımda bir kitab var. “Maarif fədaisi Qayıtmaz Abasov-95”. Bu kitabda Qayıtmaz müəllimi yaxşı tanıyan və bu gün respublikada tanınan onun şagirdlərinin, onunla bir yerdə işləmiş insanların və yaxınlarının onun haqqında fikirləri, xatirələri toplanıb. Onun şagirdlərə necə dərs öyrətməsi metodikası ətraflı yazılıb. İlk öncə bu kitabı ərsəyə gətirən insanlara öz təşəkkürümü bildirirəm. İnanıram ki, bu kitabı oxuyanlar ondan layiqincə bəhrələnəcəklər. Qayıtmaz müəllimin keşməkeşli ömür yolu ilə daha yaxından tanış olacaqlar. Onun təhsil sahəsindəki metodikasından layiqincə istifadə edəcəklər.

Elə mən də sizi onun həyatı və təhsil sahəsindəki metodikası ilə daha yaxından tanış etmək istəyirəm. Amma fikrimə daha uzaqlardan, Abasovlar kökündən başlamaq qərarına gəldim. Bu nəsil yardımlıda əsl savadlılar, elm, təhsil, səhiyyə sahəsində böyük uğurlar əldə etmiş nəsillərdəndir. Bu da vaxtı ilə Cənub bölgəsində yaşayan insanların el atası adlandırdığı, Qayıtmaz müəllimin atası Əmikişi Abasovdan gəlir. O, 1884-cü ildə Lənkəran qəzasının Vərgədüz nahiyəsində (indiki Yardımlı rayonu) Bozayran kəndində anadan olub. Lap gənc yaşlarından özünün çalışqanlığı ilə hamıdan seçilib. Təsərrüfat və mal-qara üçün Bozayran kəndi əlverişli olmadığından Əmikişi Horavar kəndində məskunlaşıb. 1930-cu illərdə kollektivləşmə təsərrüfatı yarananda Əmikişi Abasov da məcbur olub ki, mal-qarasını kolxoza versin.

1941-ci ildə onun böyük əməksevərliyini görüb, Firdovsi adına kolxozun sədri seçiblər. Böyük Vətən Müharibəsi dövründə Əmikişi Abasov həm dövlətin onun qarşısında qoyduğu tapşırıqları yüksək səviyyədə yerinə yetirirdi, həm də kolxozda çalışanlara yüksək səviyyədə köməklik edirdi ki, onlar acından ölməsinlər və heç bir korluq çəkməsinlər. Hətta qonşu kəndlərdən, Masallı və Lerik rayonlarıdan gələn çarəsiz adamlara da taxıl və ərzaqla köməkliklər edirdi ki, onlar da ac qalmasınlar. Çünki Əmikişi müəllimin rəhbərlik elədiyi Firdovsi adına kolxoz həmin vaxtı çox varlı idi. Həm də kolxozda işləyənlərə əmək haqqı kimi yun və mal-qara da verirdi ki, onlar öz təsərrüfatlarını genişləndirsinlər. Cəmi 69 il ömür sürən Əmikişi Abasov, dünyasını dəyişəndə onu son mənzilə yola salmağa təkcə Yardımlıdan yox, qonşu Masallı və Lerik rayonlarından da çoxlu insanlar gəlmişdi. Onlar Əmikişi Abasovun təmənnasız yaxşılığını unutmamışdılar. Bax, belə bir el ağsaqqalının ailəsində, 15 avqust 1922-ci ildə dünyaya gəlmişdi Qayıtmaz. Ailənin ilk övladı olan Qayıtmazın təhsil alması üçün atası əlindən gələni etmişdi. 1941-ci ildə orta məktəbi bitirən Qayıtmaz Abasov, rayon partiya komitəsinin göndərişi ilə Azərbaycan Pedaqoji İnstitutuna təhsil almağa göndərilmişdi və o, artıq birinci kurs tələbəsi olmuşdu. Amma həmin vaxtı Böyük Vətən Müharibəsi başladığından artıq birinci kursun tələbəsi Qayıtmaz yenidən rayona qayıtmışdı. Cavan müəllimlər müharibəyə getdiyinə görə onu Osnağaran kəndindəki ibtidai məktəbə müdir və müəllim təyin etmişdilər. 1942-ci ilin sentyabr ayının 22-də Sovet ordusu sıralarına çağırılıb və 20 avqust 1945-ci ilə kimi ordu sıralarında xidmət edib Qayıtmaz Abasov. Müharibənin odlarından, alovlarından keçərək, sinəsi orden-medallarla yenidən Yardımlıya qayıdıb. Həmin vaxtı təhsilini davam etdirmək istəsə də rayon rəhbərliyi onu Horovar ibtidai məktəbinə müdir və müəllim təyin eləyib. Daha bundan sonra ona rayon rəhbərliyi ali təhsil almağa imkan vernəyərək, yaxşı təşkilatçı olduğuna görə uzun illər Horovar və Vərgədüz məktəblərinin müdiri vəzifələrində işləməyə məcbur ediblər. Sonra isə Qayıtmaz müəllim rayon uşaq evində müəllim və internatda tərbiyəçi müəllim kimi cavabdehli sahələrdə də işləyib. Ondan sonra isə doğma kəndi Bozayarana qayıdıb və burada 32 il ibtidai sinif müəllimi işləyib. Uzun illər qüsursuz və səmərəli pedaqoji fəaliyyətinə görə Qayıtmaz Əmikişi oğlu Abasov dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. O, 10 iyul 1998-ci ildə, 76 yaşında vəfat edib və doğulduğu Bozayran kəndində dəfn olunub.

Qayıtmaz müəllim olduqca çətin, lakin şərəfli bir həyat yolu keçib. Onun həyatı boyu dəyişməz prinsipləri olub. Belə ki, Qayıtmaz Abasovun kredosu- zəhmətsevərlik, düzlük, saflıq, namusla yaşamaq olub. O, özü də həmişə bu prinsiplərə riayət edib, övladlarına da belə yaşamağı tövsiyyə edib. Heç də təsadüfü deyil ki, abasovlar ailəsinin dürüstlüyünü sübut edən faktlardan biri-oğlu Rəfaelin orta məktəbi ən yüksək qiymətlərlə bitirərkən ona “Qızıl medal” verilməsi üçün yüksək rütbəli məmurların pul tələb etməsinə Qayıtmaz müəllim qəti etiraz edib. Hətta Qayıtmaz müəllimin özünə “Əməkdar müəllim” adı verilməsinə görə də bəzi yüksək rütbəli məmurlara “hörmət” etməsinə də qəti etiraz edib.

Qayıtmaz müəllimin həyat yoldaşı Mahbacı xanımın sinəsi sözlə doludur. Özündən çoxlu bayatılar, şeirlər qoşur. Həmin bayatılar və şeirlər bu gün də Yardımlı camaatının dilində səslənir. Mahbacı nənənin nəsli Cənub bölgəsində və Ərdəbil mahalında ən savadlı nəsillərdən biri olub. Hətta yüksək savadına görə bu nəsilə “Molla tayfası” deyiblər. 1937-38- ci illərdəki repressiya bu nəsilə böyük zərbə vurub. Atası Rza bəy və əmiləri çox xeyirxah insanlar olublar. Mahbacının 6 yaşı olanda atasını həbs eləyiblər və o, bir daha geri dönməyib. Yeganə qardaşı Davud bəy də Böyük Vətən Müharibəsində həlak olub. Mahbacı ana Yardımlı rayonunun əsl ağbirçəklərindən biridir.
Mən lap uşaq yaşlarımda bu bayatıları eşitmişdim:

Mən Arazam, ağlaram,
Hey soraram, çağlaram.
“Ata” deyib, köksümü,
Çalın-çarpaz dağlaram.

Yüz-yüz arzum ürəyimdə daş oldu,
Hər nə qurdum düz yerinə, çaş oldu.
Sən gedəli bahar ömrüm qız oldu, ay Ata!

Sən məni ağlar qoydun,
Sinəmi dağlar qoydun.
Yıxdın dədəm evini,
Qapısın bağlar qoydun.

Naxışım dizim üstə,
Tikərəm dizim üstə.
Desələr qardaşın gəlir,
Sürünnəm dizim üstə.

Qayıtmaz müəllimə həsr olunan kitabı oxuyanda bu bayatıların müəllifi Mahbacı ana olduğunu biləndə bu nəsilə hörmətim bir qədər də artdı.

Atalar belə yerdə gözəl deyib: “Su axar çuxurunu tapar”. Qayıtmaz müəllimlə, Mahbacı ana bir-birini tamamlayırdılar. Onlar çox mehriban yaşayıblar. Hamı bu ailənin mehribanlığına yaxşı mənada həsəd aparıblar. Mahbacı ana hələ sağdır və nəvələrinə, nəticələrinə Qayıtmaz müəllimlə bağlı xoş xatirələrini böyük istəklə danışır və istəyir ki, onlar öz babalarına layiq böyüsünlər. Artıq aprel ayının 27-də Mahbacı nənənin 56-cı nəticəsi dünyaya gəldi. Adını Mətləb qoyublar. Bizim də arzumuz budur ki, Mahbacı ana siz, Qayıtmaz müəllimin çata bilmədiyi arzulara, mətləblərə də çatasınız. Siz canlı ensiklopediyasınız. Sizinlə söhbət etməkdən heç kim doymur.

Qayıtmaz Abasovun 95 illik yubileyi Yardımlı rayon rəhbərliyi tərəfindən rayon miqyaslı səviyyəsində keçiriləndə bu yubiley camaatının yaddaşında əbədi qalmaqla, sizin də Qayıtmaz müəllimlə keçirdiyiniz mənalı ömür bir sarı sim kimi yaddaşınızda təzələnəcək. Siz də həmin günlərə qayıdacaq və həmin illəri yad edəcəksiniz. Bu vaxt yəqin ki, ürəyinizdə Qayıtmaz müəllimlə bağlı bir şeir yaranacaq.

Amma sizin yazdığınız şeirləri övladlarınız, nəvə-nəticələriniz öz sənətlərilə, Vətənə layiq övlad olmaqla bərabər həm də böyük qürurla yazır və bu ocağa hörmət, sevinc bəxş edirlər. Bu da Qayıtmaz müəllimin ən böyük arzuları idi ki, indi onun arzularını nəsili çin edir və bununla da onun ruhunu şad edirlər.

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi