“Reproduktiv sağlamlıq haqqında” qanun plenar iclasa çıxarıla bilər

14 Sentyabr 2017 15:23 (UTC+04:00)

Bu gün Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, komitə sədri Əhliman Əmiraslanov bildirib ki, parlamentin payız sessiyası dövründə iki qanun layihəsinin plenar iclasın gündəliyinə salınacağını gözlənilir. “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələrinin hazır olduğunu deyən komitə sədrinin sözlərinə görə, eyni zamanda, “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması da nəzərdə tutulur: "“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi tam hazırdır və iradlar nəzərə alınaraq müəyyən dəyişikliklər edilib. Hətta qanun layihəsi ilə bağlı dinləmələrin də keçirilməsi mümkündür. Qanun layihəsini yaxın vaxtlarda Milli Məclisin plenar iclasına çıxarmaq mümkün olar”.

Ə.Əmiraslanov çıxışı zamanı səhiyyə ilə bağlı müəyən problemlərə də toxunub. Onun sözlərinə görə, müalicə üçün edilən müraciətlər əksər hallarda əsassız olur: “Çünki ölkədə səhiyyənin maddi-texniki bazası o qədər inkişaf edib ki, Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik, patologiya yoxdur. Amma ödənişlə bağlı problemlərlə rastlaşırıq və çalışırq ki, onu həll edək. Lakin təəssüf ki, bu gün hələ də orqan transplantasiyası kifayət qədər geniş həyata keçirilmir. Azərbaycanda donor məsələsi bir daha müzakirə edilməli və qanuna yenidən baxılmalıdır. Azərbaycanda donorluq demək olar ki, “yox” dərəcəsindədir”.

Komitə sədri əlavə edib ki, Azərbaycana gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı problemlər vardı: “Gözün buynuz qışası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilib. Gələcəkdə bu transplantlar ölkəmizdən ola bilər. Gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını meyitlərdən götürmək mümkündür”.