Yeni Sərəncam cənubun ənənəvi əkinçilik sahələrinin inkişafına güclü təkan verəcək

14 Sentyabr 2017 12:44 (UTC+04:00)

Son illər ölkəmizdə qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafı ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir. Verilən sərəncam və fərmanlar qeyri-neft sektorunun sürətlə inkişafına, ölkədə ərzaq məhsullarının istehsalında artıma səbəb olmuşdur. Çox sevindirici haldır ki, Ulu öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən işlər nəticəsində kənd təsərrüfatı yenidən canlanır.

“Yaşıl çay” FT MMC-nin direktoru Araz Yağubov bizimlə söhbətində bildirib ki, sentyabrın 3-də Lənkəranda keçirilən müşavirədən sonra Dövlət başçısı sentyabrın 12-də “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamını imzalamaqla cənub bölgəsi üçün əsas aparıcı sahələrin inkişafı üçün güclü zəmin hazırlamışdır. Bu Sərəncam bizim doğru yolda olduğumuzu bir daha təsdiq etdi. Cənab Prezidentin şəxsən bu işlərə dəstək olması, bu işləri daim nəzarətində saxlaması bizi ruhlandırmaya bilməz. Sərəncamda deyilir ki, bu sahədə dayanıqlı inkişafın təmin edilməsi, tələbatın yerli istehsal hesabına təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi üçün əkin sahələrinin və məhsuldarlığın artırılması, toxumçuluq və tingçilik təsərrüfatlarının inkişafı, informasiya-məsləhət xidmətlərinin, kadr potensialının gücləndirilməsi, investisiyaların və ixracın təşviqi, zəruri infrastruktur və maliyyə resursları ilə təminat səviyyəsinin daha da yüksəldilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi tədbirlərinin sürətləndirilməsi zəruridir. Sitrus meyvələri, çay və çəltik istehsalının inkişafına kompleks yanaşma, Kənd Təsəsrrüfatı və İqtisadiyyat Nazirliyinə verilən tapşırıqlar ümid verir ki, məhsul istehsalında daha yüksək nailiyyətlər qazana bilərik.

Sentyabrın 2-də cənab İlham Əliyevin rayonumuza səfəri çərçivəsində təsərrüfatımızda olması bizim üçün tarixi bir hadisə oldu. Cənab Prezident bizimlə, çaybecərənlərlə səmimi söhbət etdi. Çay sahəsi, tut plantasiyası ilə yaxından tanış oldu. Gördüyümüz işlər cənab Prezidentin marağına səbəb oldu. Bu məni bir daha 2006-cı ildən xarici ölkədən Azərbaycana gələrək çayçılıq kimi çətin bir sahəyə yatırım qoymağımda səhv etmədiyimi anladım. Prezident İlham Əliyevin başlıca məqsədi bu gün Azərbaycanda kənd təsərrüfatının müasir səviyyədə inkişafına nail olmaq, yerlərdə müasir tələblərə cavab verən iri istehsal və emal sahələri yaratmaq, torpaqlardan səmərəli istifadə etmək, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaqdır.

Möhtərəm Prezidentimizin hərətərəfli dəstəyi nəticəsində uğurlarımızı ilbəil artırırıq. Təsərrüfatımızda ölkənin ərzaq təminatında mühüm rol oynayan çayçılıq, heyvandarlıq, tərəvəzçilik, bostançılıq kimi sahələri inkişaf etdirilir. Əsas məqsədimiz isə çayçılığın inkişaf etdirilməsidir. Ötən il çay sahələrindən 90 ton əla növ yaşıl çay yarpağı toplamağa nail olduq. Artıq 16 çeşiddə ekoloji cəhətdən təmiz, qatqısız çaylarımız satışa çıxarılır. Bunlarla yanaşı, ötən il Cənab Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı çağırışına cavab olaraq təsərrüfatımızda 1,2 hektar sahədə 12 min ədəd tut tingi əkmişik. Gələcəkdə ölkəyə yeni tut tingləri gətiriləcəyi halda, daha 50 min ədəd tut tingi əkməyi nəzərdə tutmuşuq.

İndiyədək 61 hektarda çay plantasiyası salmışıq. Növbəti illərdə çay sahələrini 100 hektara çatdırmağı düşünürük. Dövlətimizin başçısının ölkədə çayçılığın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq bu il 5, 2018-ci ildə isə 10 hektar sahədə ən müasir texnologiya ilə sıxlaşdırılmış yeni çay plantasiyası salmağı, 30 hektarda isə çəltik əkini aparmağı planlaşdırırıq. İnanıram ki, sentyabrın 12-də imzalanan Sərəncam ölkəmizin cənub bölgəsində ənənəvi əkin sahələri olan çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafına güclü təkan verəcəkdir.

Söhbəti yazdı: Sərraf Mirsəfəroğlu