Moldova musiqiçiləri Bakı səhnəsində

14 Sentyabr 2017 12:34 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Moldovanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan və Moldova etnik musiqiləri səsləndirilib. SİA-nın məlumatına görə, konsert Azərbaycan ilə Moldova arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

Tədbirdə Moldovanın ölkəmizdəki səfiri George Leuka çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişafından danışıb. Belə tədbirlərin mövcud sahədə əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini deyən səfir tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Konsertdə Moldovanın Xalq Artisti Kanstantin Moskoviç çıxış edib. Moldova xalq çalğı aləti olan “Nae”də (Pan Fllute) ifa edən sənətkar öz ölkəsinə məxsus xalq mahnıları ilə yanaşı, həm də Azərbaycan musiqilərindən nümunələr səsləndirib. Konsertdə digər moldovan musiqiçilər – Dumitru Dubajiu, Vladimir Andrianom, Valentina Nejel və Radu Talambuta iştirak ediblər.

Gecədə, həmçinin Əməkdar Artisti Şirzad Fətəliyev balabanda Moldova və Azərbaycan musiqisini səsləndirib.