Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib FOTO

14 Sentyabr 2017 12:42 (UTC+04:00)

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İS-TAD) sədri Səfər Karaqoyunlunun rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən dərnəyin üzvlərinə ermənilərin törətdiyi soyqırımı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd erməni daşnakları tərəfindən tamamilə məhv edilib. Quba şəhəri talana və yanğınlara məruz qalıb, buradakı müsəlman və qismən də yəhudi əhali kütləvi qətlə yetirilib.

Türkiyəli qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra arxeoloq və etnoqrafların kütləvi məzarlıqda aparıdığı geniş tədqiqat işləri nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Məzarlıqda gördüklərindən təsirlənən qonaqlar bu faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Türkiyə və Azərbaycan ictimaiyyətinin birgə fəaliyyətinin vacibliyini vurğulayıblar. S.Karakoyunlu bildirib ki, əsassız erməni soyqırımı iddiaları ilə çıxış edənlər bircə məzar göstərə bilmədiyi halda, 16 min insanın cəsədinin olduğu bu məzarlıq əsl soyqırıma kimin uğradığını bir daha sübut edir.

Kütləvi məzarlıqdan sonra qonaqlar Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıblar.

Qeyd edək ki, sentyabrın 9-dan Azərbaycanın regionlarında səfərdə olan nümayəndə heyəti bu gün və sabah Bakıda paytaxtın erməni-bolşevik işğalından azad olunmasının 99-cu ildönümü ilə bağlı anım mərasimlərində iştirak edəcək.