Turan Cavidin xatirəsi anılıb

13 Sentyabr 2017 19:03 (UTC+04:00)

Böyük şair və dramaturq Hüseyn Cavidin qızı, pedaqoq, mətnşünas Turan Cavidin vəfatından 13 il ötür. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində Turan Cavidin xatirəsini anma mərasimi keçirilib.

Muzeydən bildiriblər ki, mərasimdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı istedadlı mətnşünas T.Cavidin mənalı ömür yolundan danışıb, dahi sənətkar Hüseyn Cavid irsinin toplanması, tədqiq və təbliğində, qorunmasında onun mühüm rolunu diqqətə çatdırıb.

G.Babaxanlı T.Cavidin həyat və fəaliyyətinin nəsillərə layiqli örnək olduğunu bildirib.

Muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva G.Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabı haqqında ətraflı məlumat verib. Bildirilib ki, nəşrdə Turan xanımın şəxsiyyəti, onun ictimai fəaliyyəti haqqında materiallar sistemli və kompleks şəkildə verilib. Kitab T.Cavidin xatirəsinin əbədiləşdirilməsinə dəyərli töhfədir.

Sonra T.Cavidin fəaliyyətini əks etdirən fotoslayd, həmçinin ona məxsus əşyalar və sənədlərdən ibarət sərgi nümayiş etdirilib.