Bölmə iclasları davam edir

13 Sentyabr 2017 15:00 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, fənlər üzrə metodbirləşmə sədrləri, psixoloqlar və uşaq birliyi rəhbərləri üçün bölmə iclasları davam edir. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, paytaxt üzrə növbəti bölmə iclasları sentyabrın 13-də Xətai, Suraxanı və Sabunçu rayonlarında keçirilib.

BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşlarının qatıldığı iclaslarda Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər.

Bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin, 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır.

Bölmə iclaslarında ötən tədris ilində görülən və yeni dərs ilində nəzərdə tutulan işlərə, 2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə təhsil nazirinin əmri ilə bağlı “Fəaliyyət planı”na uyğun tədbirlərin görülməsinə, tədris plan və proqramların yerinə yetirilməsinin təmin olunmasına, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılmasına, pedaqoji işçilərin fəaliyyətinin qiymətləndirilməsinə, məktəblilər arasında olimpiadaların keçirilməsi və xüsusi istedada malik şagirdlərin bilik yarışlarına cəlb olunmasına toxunulub.

Bölmə iclaslarında qeyd edilən məsələlərlə bağlı çıxışlar olub, müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

Qeyd edək ki, paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan bölmə iclasları ötən gün Nizami, Nərimanov, Səbail, Yasamal və Qaradağda təşkil olunub.