“Ailə Dünyası”ndan uğurlu layihə

13 Sentyabr 2017 14:42 (UTC+04:00)

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dəstək Şurasının maliyyə dəstəyi ilə növbəti layihəsini reallaşdırıb. SİA-ya daxil olan məlumata görə, Xızı rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” mövzusu ilə həyata keçirilən layihənin icra planına uyğun olaraq, Xızı rayonunda risk altında olan sahələrdə çalışan insanlar, təşkilat və müəssisə rəhbərləri arasında insan alveri ilə bağlı maarifləndirmə kampaniyası həyata keçirib.

Tədbirdə ekspert Gülayə Səfərova iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları, onların qaynar xətt xidmətləri barədə məlumat verib və bu sahədə İctimai Birlik tərəfindən hazırlanmış “Yaddaş kitabçası” iştirakçılara təqdim olunub.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, təhsil şöbəsinin işçiləri, inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar və ev qulluğu sahəsində çalışanlar, eləcə də onları işə götürənlər iştirak ediblər. Mövzu ilə bağlı tədbir iştirakçılarından Xızı rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov, Xızı RPŞ–nin əməkdaşı Ziya Əliyev öz fikirlərini bölüşərək, təkliflərini veriblər.