ATU-da I kurs tələbələri ilə görüş keçirilib

13 Sentyabr 2017 14:22 (UTC+04:00)

Azərbaycan Tibb Universitetində (ATU) fakültə rəhbərlərinin 1-ci kurs tələbələri ilə görüşlərinə start verilib. SİA-nın xəbərinə görə, ilk olaraq Stomatologiya fakültəsinin dekanlıq nümayəndələrinin iştirakı ilə baş tutub.

Görüşdə 2017-ci ilin qəbul ilində ATU-nun Stomatologiya fakültəsinə qəbul olmuş tələbələr və onların valideynləri iştirak ediblər.

Tədris və müalicə işləri üzrə prorektoru, S. Əliyev gəncləri təbrik edib. Bildirilib ki, xarici tələbələr arasında ATU-nun məhz stomatologiya fakültəsini seçənlərin sayı hər il bir necə dəfə artır. Belə ki, 2017-ci ilin tədris ili ATU-nun stomatologiya fakültəsinə 97 nəfər azərbaycanlı, 243 nəfər xarici vətəndaş qəbul edilib.

Görüşdə tələbələrə tədris prosesi, imtahanlar, dərslərin gedişatı, nizam-intizam qaydaları haqqında geniş məlumat verilib. Qeyd olunub ki, stomatologiya fakültəsində həkim-stomatoloq ixtisasları üzrə kadrlar hazırlanır. Tələbələrə təbabətin təməl fənləri ilə yanaşı stomatoloji fənlər - stomatoloji xəstəliklərin profilaktikası, terapevtik stomatologiya, ağız və üz-çənə cərrahiyyəsi, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodontiya tədris olunur. Həmçinin klinikada yaradılan bacarıq otaqlarında tələbələr müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçir, praktiki vərdişlər əldə edir, müxtəlif əməliyyatların icrasında iştirak edirlər.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandirilib.