Gənc sənətşünaslar xalq rəssamının emalatxanasında olublar FOTOLAR

13 Sentyabr 2017 09:28 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” layihəsinin üçüncü mərhələsinə start verilib.

Qalereyadan SİA-ya verilən məlumata görə, layihənin növbəti mərhələsi Xalq Rəssamı Mirnadir Zeynalovun emalatxanasında baş tutub. Görüşdə gənc sənətşünaslar tanınmış rəssamın emalatxanasında iş prosesi ilə yaxından tanış olublar, rəssamlıq sənətinin özəllikləri ətrafında müzakirələr aparıblar.

Layihə gənc sənətşünaslarla birgə Azərbaycan rəssamlıq sənətinin müasir inkişaf məsələlərinin, rəssamların bədii yaradıcılıq axtarışlarının, onların yaradıcılığındakı bədii tendensiyaların, orijinal ideyaların müzakirəsinə, araşdırılmasına və geniş auditoriyaya əyani təqdim edilməsinə yönəlib. Layihənin məqsədi gənc sənətşünaslarda tədqiqat və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaqdan ibarətdir.

Qeyd edək ki, növbəti görüşlərin Xalq rəssamları Tofiq Ağababayev və Fazil Nəcəfovun emalatxanalarında keçirilməsi nəzərdə tutulur.