Norveç Təqaüd Fondunun aktivləri 1 trilyon dollara çatıb

12 Sentyabr 2017 20:04 (UTC+04:00)

Dünyanın ən böyük təqaüd fondu olan Norveç Təqaüd (Neft) Fondunun aktivləri 1 trilyon dollara çatıb.

Fond qlobal bazarda artım göstəriciləri və dəyər qazanan avro sayəsində buna nail olub. Norveç Təqaüd Fondunun idarə heyətinin sədrinin müşaviri Trond Grande deyib ki, fond qazancını artırmaq və ölkənin neft gəlirlərini gələcək nəsillər üçün qorumaq məqsədilə səhm payını 60 faizdən 70 faizə çatdıracaq. Son beş il ərzində dəyərini iki dəfə artıran fond bu ilin ikinci rübündə 202 milyard kron (26 milyard dollar), ilin birinci yarısında isə 499 milyard kron (təxminən 65 milyard dollar) qazanc əldə edib.

Qeyd edək ki, Norveç Təqaüd Fondu 1990-cı ildə qurulub və fondun aktivləri ölkənin ümumi daxili məhsulundan 2,5 dəfə çoxdur. Fond 77 ölkədə 8 min 858 şirkətə investisiya yatırır. Fondun investisiyalarının 65,1 faizi səhmlərdə, 32,4 faizi sabit gəlirli investisiyalarda, 2,5 faizi isə qeyri-dövlət əmlakı mülkiyyətindədir.