Bölmə iclasları başlayıb

12 Sentyabr 2017 15:57 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və fənlər üzrə metodbirləşmə sədrlərinin bölmə iclaslarına start verilib. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin, 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır.

İlk bölmə iclasları sentyabrın 12-də Nizami, Nərimanov, Səbail, Yasamal və Qaradağ rayonları üzrə təşkil olunub.

BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşlarının iştirak etdiyi iclaslarda Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər.

Bölmə iclaslarında 2016-2017-ci tədris ilində görülən və yeni dərs ilində nəzərdə tutulan işlərə, 2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə təhsil nazirinin əmri ilə bağlı “Fəaliyyət planı”na uyğun tədbirlərin aparılmasına, fənn kurikulumlarının tətbiqinə, diaqnostik və formativ qiymətləndirməyə, dərslik və proqramların tətbiqi mexanizmi, həmçinin, fənn metodbirləşmələrinin fəaliyyətinin səmərəli təşkilinə dair tövsiyələrə toxunulub.

Bölmə iclaslarında qeyd edilən məsələlərlə bağlı çıxışlar olub, müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.