Nazir səfirlə görüşüb

12 Sentyabr 2017 14:57 (UTC+04:00)

Sentyabr 12-də kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb. SİA-nın məlumatına görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Qonağı səmimi salamlayan nazir Heydər Əsədov iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı barədə geniş məlumat verib. Nazir iki ölkə arasında aqrar sahədə əlaqələrin perspektiv imkanlarından danışaraq Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Mixael Kindsqrab iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.