Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nəzdində “Gənc İstedadlar Mərkəzi” yaradılıb

12 Sentyabr 2017 12:15 (UTC+04:00)

İncəsənət sahəsində istedadlı uşaq və gənclərin üzə çıxarılması və onların gələcək yaradıcılıq inkişafı üçün tədbirlər görülməsi, habelə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və xüsusi aylıq təqaüdə layiq görülmüş uşaq və gənclərin fəaliyyətinin diqqət mərkəzində saxlanılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nəzdində “Gənc İstedadlar Mərkəzi” yaradılıb. SİA-nın məlumatına görə, mərkəz tərəfindən respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, incəsənət sahəsi üzrə müvafiq orta ixtisas və ali təhsil müəssisələrində, o cümlədən xarici ölkələrdə təhsil alan, respublika və beynəlxalq müsabiqələr laureatları olan, xüsusi istedadı ilə fərqlənən uşaq, yeniyetmə və gənclərin bir araya gətirilməsi, onlarla mütəmadi olaraq görüşlər keçirilməsi, Bakı şəhərində və bölgələrdə onların iştirakı ilə konsertlərin, sərgilərin təşkil olunması, beynəlxalq müsabiqə və festivallarda iştirak etmək üçün şagird və tələbələrin seçilməsi, ən istedadlı uşaq və gənclərin mükafatlara təqdim edilməsi, müəllimlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və s. sahəsində iş aparılması nəzərdə tutulur.