"Bu il məzunların buraxılış imtahanlarının nəticələri ötən illə müqayisədə 4,75 faiz artıb"

11 Sentyabr 2017 11:15 (UTC+04:00)

"Bu il ümumi orta təhsil səviyyəsində (IX sinif) məzunların buraxılış imtahanlarının nəticələri ötən illə müqayisədə 4,75 faiz artıb. Eyni zamanda XI sinfin buraxılış imtahanlarında da məzunların göstəricilərində artım müşahidə olunub". SİA-nın xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib. İdarə müdiri bildirib ki, bu il keçirilən qəbul imtahanlarında məzunlara iki dəfə qəbul imtahanı vermək imkanının yaradılması ümumilikdə qəbul imtahanlarının nəticələrinə şərait yaradıb və bu Bakı şəhərində də özünü göstərib: " Bu il idarənin tabeliyində fəaliyyət göstərən məktəblərin məzunları arasında 5 nəfər maksimum nəticə göstərərək 700 bal toplayıb. Eyni zamanda 500-600 bal arası nəticə göstərənlərin sayı da kifayət qədərdir". M.Vəliyeva qeyd edib ki, bu il Azərbaycanın tədris sistemində keyfiyyət ilinin təmin olunması ilə bağlı Təhsil Nazirliyi tərəfindən tədbirlər planı təsdiq edilib: "Fəaliyyət planında təhsilin əsas istiqamətləri, məktəb idarəetməsində ən müasir texnologiyalardan, yanaşmalardan istifadə, təmayülləşmə, məktəblərdə mütəmadi olaraq şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, kadr təminatı, məktəb mühitinin yaxşılaşdırılması, məktəb sənədləri ilə iş və digər bütün keyfiyyətə təsir edən sahələr üzrə işlərin görülməsi nəzərdə tutulur. Bakı şəhər Təhsil İdarəsi olaraq həmin fəaliyyət planı əsasında il ərzində məktəblərin fəaliyyətini istiqamətləndirəcəyik".