Venera saat kimi hərəkət edir

7 Sentyabr 2017 18:37 (UTC+04:00)

Venera çox vaxt Yerin bacısı adlandırılır. Azərbaycan Milli Elmlər Akademiyasının Neft–Kimya Prosesləri İnstitutunun saytı xəbər verir ki, öz ölçüləri, xüsusi halda tərkibi ilə Venera mavi planeti xatırladır. Amma hər halda iki planetdə fərqlər oxşarlıqlardan çoxdur.

Venerada biz boğularıq, çünki onun atmosferi əsasən karbon qazından ibarətdir. Venerada atmosfer təzyiqi çox yüksəkdir. Yerdəki təzyiqdən 92 dəfə çoxdur. Planetin səthində daim qatı və şəffaf olmayan sulfat turşusu buludu var. Odur ki, onun relyefinə teleskopda baxmaq mümkün deyil. Yalnız XX əsrdə radioteleskopların ixtirası ilə astronomlar Veneranın səthini tədqiq edə bildilər və orada qayalıq peyzaj aşkar etdilər. Hipotezlərin birinə görə, əvvəllər Venerada Yerdəkinə bənzər okeanlar olub, amma olduqca yüksək temperatur səbəbindən onlar buxarlanıb, buxarlar isə günəş küləkləri tərəfindən aparılıb. Beləliklə, Yer ilə oxşarlıq az qalıb.

Veneranın bizim planetdən daha bir hiss olunan fərqi var. Urandan başqa digər planetlər Yer kimi öz oxu ətrafında saat əqrəbinin əks istiqamətində (əgər hesablama nöqtəsi kimi Yerin Şimal qütbü götürülərsə) fırlanırsa, Venera əksinə fırlanır. Həm də ox ətrafında bir dövrə və ya bir sutka Venerada 243 Yer gününə bərabərdir. Onun saat əqrəbi istiqamətində fırlanmanı nə üçün seçməsi dəqiq məlum deyil. Hipotezlərin birinə görə, bu, Yerin cazibə qüvvəsinin təsirindən yaranıb (Yer Veneraya Merkuridən daha yaxındır). Bununla yanaşı, Yerə Ayın da kütləsi əlavə edilir və onlar birlikdə Veneranın hərəkət istiqamətinə təsir edir. Günəş sisteminin ikinci “düzgün olmayan” planeti Uran da iri qonşuların – Neptun və Saturnun təsiri altındadır.