Kürdə normadan artıq çirklənmə müşahidə olunur

5 Sentyabr 2017 11:08 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq həyata keçirib. Nazirlikdən SİA-yaverilən məlumata görə, avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 0.9 kubmetr/san azalaraq 75.4 kubmetr/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 2, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Avqust ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə, I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.65-7.60 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.