Diqqət: Tərləməyə qarşı bu üsullar çox effektlidir

13 Avqust 2017 06:04 (UTC+04:00)

Yay fəslinin isti günlərində ən çox narahatlıq doğuran məsələlərdən biri də tərləmədir. İsti havada tərləmə tər vəzilərinin normal funksiyası olsa da, bəzi hallarda hədsiz tərləmə nəticəsində bədəndən xoşagəlməz qoxu gəlir. Bir sıra hallarda isə tərləməni hansısa xəstəliyin əlaməti hesab edirlər.

Xalq təbabətində tərləməyə qarşı bir sıra üsullardan istifadə edirlər.

1 stəkan xırdalanmış palıd qabığının üzərinə 0,5 litr su əlavə edilərək 10 dəqiqə qaynadılır, alınan maye ilə tərləyən nahiyələr vanna edilir. Bu məqsədlə şam və fındıq ağaclarının yarpağından, qara gəndalaşın çiçək və meyvəsindən də istifadə etmək olar.

Qara çaydan hazırlanmış tünd dəmləmə ilə gecələr vanna qəbul edilir.

Tərləyən nahiyələri növbəli şəkildə gah sərin, gah da isti suya salıb 30-60 saniyə saxlamaqla tərləmənin qarşısı alınır.

6 xörək qaşığı aptek çobanyastığı çiçəkləri üzərinə 2 litr qaynar su əlavə edilərək 1 saat dəmə qoyulur. Hər gün axşam yatmazdan qabaq tərləyən ətraflar alınan dəmləmə ilə vanna edilir.

Hər gün səhər tezdən təmiz və quru qoltuqaltı nahiyələrə çay ağacının yağı sürtülür və 5 dəqiqədən sonra yağ salfetlərə hopdurulur.

Hər gün yatmazdan əvvəl tərləyən nahiyələri salisil-sink pastaları (Lassar pastası) ilə silmək olar.

1 çay qaşığı duz 1 stəkan isti su ilə qarışdırılır və gündə iki dəfə tərləyən nahiyələr alınan məhlulla yaxalanır.

2 xörək qaşığı xırdalanmış sincanotu kökümsovunun üzərinə 1 stəkan qaynar su əlavə edilərək 30 dəqiqə dəmlənir. Alınan dəmləmə ilə vanna qəbul etmək və ya islatma şəklində tərləyən nahiyələrə qoymaq olar.

Tərləyən nahiyələr, xüsusilə ayaqlar sərin su ilə yuyulur, tam qurudulur, sonra ayaq barmaqlarının arasına tozağacı yarpaqları qoyularaq müəyyən müddət saxlanılır. Yarpaqlar gündə iki dəfə yeniləri ilə əvəz edilir.

Tozağacı bitkisindən hazırlanmış qətranlı sabunlar da tərləmə əleyhinə səmərəli təsir göstərir.