“Heydər Əliyev irsi və İslam həmrəyliyi”

12 Avqust 2017 11:05 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən avqustun 11-də “Heydər Əliyev irsi və İslam həmrəyliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

SİA-nın verdiyi məlumata görə, Ağdam rayonu İmamqulubəyli qəsəbəsi Mədəniyyət evində baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşları Pərviz Eyvazov, Cavid Məlikzadə, Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və axundu Barat Bağırov, rayon ictimaiyyəti, icma üzvləri və müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov açaraq layihənin icrası və əhəmiyyəti barədə məlumat verib.

Ağdam RİH-in nümayəndəsi Mehman Mustafayev məruzəsində bildirib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının başlıca məqsədİ müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.

DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusundakı məruzəsində qeyd edib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra dövlətimiz İslam həmrəyliyi məsələsinə həmişə diqqət yetirib. O, eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dindarların problemləri ilə maraqlandığını, dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsindəki xidmətlərini, xarici siyasətdə isə İslam amilinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.