Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini mayor Surxay Gülməmmədov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, hərbçilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində milli-mənəvi dəyərlərin təbliğinin rolu barədə də fikirlərini dinləyicilərlə bölüşüb.
DQİDK sədrinin müavini Səyavuş Heydərov dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin əhəmiyyətindən danışıb. Sədr müavini İslam dininin ekstremizmə, radikalizmə qarşı mənəvi dəyərlər sistemi olduğunu bildirərək, radikalizmi doğuran başlıca səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunmasını qeyd edib. Sədr müavini vurğulayıb ki, İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. S.Heydərov çıxışında onu da qeyd edib ki, bütün fəaliyyətimizin hədəfi milli və islami dəyərlərimizin qorunmasına yönəlib.
Sonda hərbçiləri maraqlandıran suallar cavablandırılıb.