Vyana görüşü baş tutmayacağı halda... ANALITIK

11 Avqust 2017 17:26 (UTC+04:00)

Ermənistan tərəfi bütün şanslarını itirəcəklərindən təlaşa düşüb

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu günlərdə bəyan edib ki, prezidentlərinin payızda keçirilməsi gözlənilən görüşləri barədə hələ ki, heç bir razılaşma yoxdur. Bununla yanaşı, erməni nazir bildirib ki, velosiped ixtira etməyə ehtiyac yoxdur, danışıqları mövcud olan məsələ ətrafında aparmaq lazımdır və danışıqlara alternativ də yoxdur.

Qeyd edək ki, İlham Əliyev və Serj Sarkisyan arasında keçirilməsi ehtimal edilən görüşün ideyası ətrafında bir neçə gün öncə Brüsseldə Məmmədyarov-Nalbandyan görüşündə söhbət aparılıb. Erməni mətbuatı - “1in.am”ın analitik bölməsində isə yazılır ki, Serj Sarkisyan növbəti görüşün keçirilməsinə qarşı olmadığını desə də, həmin görüşdən böyük gözləntilərinin olmadığını da bildirib.

Ermənilərin əsas qorxusu: “Rəsmi Bakı susqunluğunu qoruyub-saxlayır”

Adıçəkilən mətbuat ona da işarə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev sözügedən görüşün mümkünlüyü barədə heç bir fikir səsləndirməyib və bununla bağlı rəsmi Bakı hələ ki, susqunluğunu qoruyub-saxlayır. “Bu onu göstərə bilərmi ki, Ermənistan hazırdır, Azərbaycan isə hələ ki, yox və buna görə ortada heç bir razılaşma da yoxdur? Əgər belədirsə, onda Azərbaycan niyə razı deyil?”-deyə sual edilən analitik məqalədə bildirilir ki, Bakı Vyana təklifləri ilə razı deyil, hansı ki, bu təklifləri daha çox dəstəkləyənlər ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsədrləridir. Bununla erməni media qurumu sözügedən analitik yazıda Bakının rəsmi mövqeyini “bazarlaşma”, yaxud da “şantaj” kimi qələmə verməyə cəhd edir.

İşğalçı tərəf öz təxribatlarını mülki vətəndaşlarımızı hədəfə almasını müxtəlif şantaj xarakterli yollarla pərdələməyə cəhdlər göstərir

Onu da xatırlatmaq yerinə düşərdi ki, əslində işğalçı tərəf öz təxribatlarını, xüsusilə cəbhəyanı ərazilərdə mülki vətəndaşlarımızı hədəfə almasını müxtəlif şantaj xarakterli yollarla pərdələməyə cəhdlər göstərir. Daha doğrusu, ermənilər təxribat törətdiklərini yaxşı bilsələr də, Azərbaycan Ordusunun cavab atəşindən vahiməyə düşürlər, bu səbəbdən də Silahlı Qüvvələrini ittiham edirlər. Eyni zamanda, işğalçı ölkə indidən belə bir ehtimalla çıxış edir ki, Azərbaycan Ordusu geniş masştablı hücum əməliyyatlarına hazırlaşır. Əslində, bu yenilik deyil və Azərbaycan tərəfi ən ali dərəcədə bəyan edib ki, işğal altındakı torpaqlarımız qısa müddət ərzində azad olunmazsa, müharibə variantı qaçılmaz olacaq.

Başqa tərəfdən, erməni mediası Azərbaycanın dövlət başçısının Sarksyanla növbəti görüşünə elə də maraq göstərməməsini bu amillə “sübut” etməyə çalışır.

Ermənilər ondan da ehtiyat edirlər ki, Bakı və Moskva minimal olsa belə, ortaq maraqları bölüşürlər

Daha bir maraqlı məqam ondadır ki, Vyana razılaşması ətrafında söz oyunu oynayan erməni mediası onun yalnız Bakıya deyil, Rusiyaya da sərf etmədiyini yazır. Ona görə ki, Rusiya eyni zamanda münaqişə tərəflərinə silah satır və s. Başqa tərəfdən, iddia edilir ki, Rusiya Qarabağ münaqişəsinə Ermənistana təsirini saxlamaq qismində yanaşır. Məhz Vyana razılaşması qüvvəyə minərsə, rəsmi Moskva bu alətini itirməli olacaq.

Sonda isə bildirilir ki, Aprel müharibəsindən sonra Rusiya erməni ictimaiyyəti qarşısında pis vəziyyətdə qalıb. Üstəlik, sonrakı proseslərdə Rusiya ilə Azərbaycan arasında münasibətlər istiləşib. Ermənilər ondan da ehtiyat edirlər ki, Bakı və Moskva minimal olsa belə, ortaq maraqları bölüşürlər. Bu faktor erməniləri son günlər ciddi şəkildə narahat etməkdə davam edir.

Rövşən NURƏDDİNOĞLU