Həmsədrlər Ermənistana işğalçı gözü ilə baxmalıdırlar AÇIQLAMA

11 Avqust 2017 16:45 (UTC+04:00)

“Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyir ki, artıq Azərbaycanla Ermənistan arasında qarşılıqlı güvən yaratmanın zamanı gəlib çatıb və onun dediyinə görə Minsk qrupuna həmsədrlik edən digər ölkə, yəni Rusiya da bu fikirləri bölüşür”. Bu sözləri SİA –ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, amma aralarında son 25 ildə indiki qədər ziddiyyət və güvənsizlik olmayan bu iki ölkənin əl-ələ verib bizim regionda qarşılıqlı güvən yaradacaqları təəssüf ki, ağlabatan deyil: “Bunun da iki səbəbi var. Birinci səbəb ermənilərlə bizi barışdırmaq istədiklərini deyənlərin vurğuladığımız kimi özlərinin arasında böyük güvənsizliyin olmasıdır. İkinci və ən əsas səbəb isə həmsədrlərin bilərəkdən odu qoyub, tüstü ilə oynamalarıdır. Ancaq od tüstüdən yaranmır axı, tüstü oddan yaranır!
Ermənilər bizim torpağı arada güvən olmadığına görə işğal etməyiblər. Arada güvən ona görə yoxdur və ola bilməz ki, onlar torpaqlarımızı işğal altında saxlayırlar. Güvən yaranması üçün işğalçı işğal altında saxladığı torpaqlardan çəkilməlidir.
Əgər Ermənistan bunu etmirsə, bizə qarşı düşmənçilik siyasəti yeridirsə, ona necə güvənə bilərik? Ermənistana, onun işğalçılıq siyasətinə dözümlü və himayədar yanaşma sərgiləyən həmsədrlərə güvənmək heç lazım deyil. Bütün bunlara görə bu gün Azərbaycanda çox təbii olaraq heç bir güvən yoxdur və cənab Hoqland da bunu bilməmiş deyil.
Ona görə də həmsədr ölkələr ilk növbədə buna çalışmalıdırlar ki, biz az da olsa, onlara güvənə bilək. Bunun üçünsə çox yox, az da olsa ədalətli davranmalı, öz maraqlarından deyil, beynəlxalq normalardan çıxış etməlidirlər. Ermənistana geosiyasi alət və forpost yox, işğalçı gözü ilə baxılmalıdır.