Bərdədə dəyirmi masa keçirilib FOTOLAR

11 Avqust 2017 15:18 (UTC+04:00)

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən “Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və mədəniyyət müəssisələrində milli məfkurənin öyrədilməsi” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Mingəçevir, Yevlax şəhər, Bərdə və Tərtər rayon nümayəndəliklərində çalışan bədii rəhbərlər və mədəniyyət işçiləri iştirak ediblər. Mərasimdə çıxış edənlər Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə İsmayıllı rayonunun İvanovka kəndində keçirilən “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktik seminar” haqqında ətraflı müzakirələr aparıblar.

Məlumat verilib ki, seminarın keçirilməsində əsas məqsəd beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı mədəniyyət mərkəzlərində fəaliyyət göstərən klub müəssisələrində milli məfkurənin, maddi-mənəvi dəyərlərin, mədəniyyətin təbliği, mədəniyyət ocaqları vasitəsilə əhali arasında təşviqat işlərinin genişləndirilməsinə kömək edən yolların araşdırılması olub. Çıxışlarda bildirilib ki, regionda fəaliyyət göstərən sənətkarlar haqqında “sənət və sənətkarları” yaşadaq adlı məlumat bazası yaradılır. Tədbirdə Mədəniyyət Mərkəzlərində milliliyin, maddi-mənəvi dəyərlərin təbliği və əhali arasında təşviqat işləri məsələləri araşdırılıb.

Tədbir Bərdə Şirvanlı Folklor Evinin “Qaravəlli” folklor qrupunun hazırladığı “Qarabağ: folklorda bir tarixdir” adlı kompozisiya ilə davam edib. Kompozisiyada Qarabağ folklorun müxtəlif elementləri ilə yanaşı milli musiqiyə də geniş yer verilib.

Sonda tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.