İnsanın xoşbəxtliyi onun intellektual inkişaf səviyyəsindən asılıdır

12 Avqust 2017 02:04 (UTC+04:00)

Britaniya alimlərinin apardığı geniş miqyaslı araşdırma sensasiyalı bir nəticə ilə başa çatıb. Məlum olub ki, intellektual inkişaf əmsalı (İQ) daha yüksək olan insanlar İQ səviyyəsi aşağı olanlarla müqayisədə özlərini daha xoşbəxt hiss edirlər. Bu gözlənilməz qanunauyğunluq intellekt əmsalının müəyyən edilməsi üçün test yoxlamalarından keçmiş insanlar arasında kütləvi rəy sorğusu nəticəsində aşkar olunub.

Araşdırmada 7 minə yaxın insan iştirak edib. Eksperiment çərçivəsində İQ testi aparılmış, sonra isə sınaqlarda iştirak edənlər sorğu anketində insanların xoşbəxtlik səviyyəsini qiymətləndirməyə həsr edilmiş suallara cavab vermişlər. Təklif edilən suallar insanların öz həyatından razılığı, maddi təminat dərəcəsi, özlərini müdafiə olunmuş hiss etmələri, gələcəyə əminlik və emosional vəziyyəti səciyyələndirən başqa amillərə aid idi.

Sorğunun bütün cavabları işləniləndən sonra məlum olub ki, İQ səviyyəsi 120 baldan yuxarı olan araşdırma iştirakçılarının təqribən yarısı həyatda özlərini xoşbəxt saydıqlarını bildiriblər. Eyni zamanda, intellekt səviyyəsi yüksək olan insanların yalnız 12 faizi bədbəxt olduqlarını söyləyiblər. İntellekt səviyyəsi aşağı (70-80 bal) olanların əksəriyyəti müxtəlif çətinliklərlə üzləşdiklərini və həyatda bədbəxt olduqlarını bildiriblər.

Britaniyalı alimlər insanların maddi vəziyyətinin, sağlamlığının və özlərinə verdiyi qiymətin də intellekt səviyyəsindən asılı olduğunu müəyyən ediblər. İQ səviyyəsi aşağı olan insanlar bir qayda olaraq öz həyatlarından narazı və depressiyalara meylli olurlar.