İnək südü insanı immun çatışmazlığı virusundan qoruyur

12 Avqust 2017 04:04 (UTC+04:00)

İnək südündən alınmış anticisimlər insanı immun çatışmazlığı virusundan (İİÇV) qoruya bilər. Avstraliyanın Melburn Universiteti alimlərinin apardıqları sınaqlar göstərib ki, boğaz inəyə İİÇV zülalları yeridiləndə heyvanların orqanizmində anticisimlər yaranmağa başlayır. Həmin anticisimləri heyvanların südündən almaq mümkündür.

Laboratoriya şəraitində bu anticisimlər İİÇV ilə əlaqələndirilir və onlar virusun insan hüceyrələrinə daxil olmasına imkan vermir. O da bildirilir ki, bir inək bir kiloqramadək anticisim verir. Bununla da anticisimlərin maksimum ucuz mənbəyi əldə olunmuşdur. Doğrudur, alimlər hələ onların insan üçün təhlükəsizliyini sübut etməlidirlər.

Yeri gəlmişkən, alimlər artıq həmin anticisimlərdən cinsiyyət əlaqəsinə qədər 12-24 saat ərzində vaginal istifadə üçün gel və ya krem yaratmaq istəyirlər. Bu, qadının yoluxmadan hamilə qalmağı arzu etdiyi zaman xüsusilə rahatdır.