Şamaxıda dini maarifləndirmə tədbirləri davam etdirilir

10 Avqust 2017 16:43 (UTC+04:00)

Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi dini icması tərəfindən “İslam sülh və həmrəylik dinidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Abdulrazaqov, dini icmanın sədri Əhməd Qasımov, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Mədrəsə qəsəbə məscidi dini icmasının sədri Əhməd Qasımov çıxış edərək layihə barədə geniş məlumat verib. O, dini icma tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin müsbət nəticələr verdiyini və bunun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev İslam dininin həmrəylik, dostluq,qardaşlıq və tolerantlıq kimi dəyərlərin daşıyıcısı olduğunu bildirib.

Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinin humanist və sülhsevər bir təşəbbüs olduğunu vurğulayaraq bildirib ki, dövlətimizin İslam həmrəyliyinə verdiyi dəyər müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir.

Şamaxı RİH başçısı Aparatının nümayəndəsi İsmayıl Manafov, Rayon İcra Hakimiyyəti Başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Abdulrazaqov ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələrinin sülh əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıblar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.