NDU-nun rezidentura pilləsində 56 rezident təhsil alır

7 Avqust 2017 19:03 (UTC+04:00)

2017-2018-ci tədris ilində 13 ixtisas üzrə 22 bakalavr Naxçıvan Dövlət Universitetinin (NDU) rezidentura pilləsinə qəbul edilib. Bu rezidentlərin 9 nəfəri həmin ali təhsil müəssisəsinin tibb fakültəsinin, 13 nəfəri isə Azərbaycan Tibb Universitetinin məzunlarıdır. Eyni zamanda, bu tədris ilində NDU-nun tibb fakültəsinin məzunlarından 9 nəfəri Azərbaycan Tibb Universitetində rezidenturaya, 2 nəfər isə əczaçılıq ixtisası üzrə magistraturaya qəbul olunub. Builki qəbul imtahanının nəticələri ilə birlikdə hazırda 23 ixtisas üzrə 56 rezident təhsil alır.

NDU-nun tibb fakültəsinin dekanı, rezidentura üzrə məsul şəxs, dosent Elsevər Əsədov AZƏRTAC-a müsahibəsində bu barədə danışıb.

Bu ilin qəbul göstəriciləri barədə məlumat verən Elsevər Əsədov bildirib ki, NDU-da rezidentura təhsilinə 2012-ci ildən başlanılıb. Bu günə qədər ali məktəbin rezidentura pilləsinə 72 nəfər qəbul edilib və onlardan 9 nəfəri məzun olub. Bu il isə universitetdə 3 ixtisas üzrə 6 rezident yekun attestasiyaya buraxılacaq.

Dekan qeyd edib ki, muxtar respublikada rezidentura təhsilinin həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Naxçıvanda rezidentura təhsili NDU-nun nəzdində həyata keçirilir. Rezidentura üzrə kliniki bazalar universitetin Kliniki Xəstəxanası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq xəstəxanalardır. Rezidentlər üçün ixtisasına uyğun olaraq kuratorlar təyin edilir. Rezidenturada təhsil alanlar nəzəri təlim, həkim hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, kuratorun rəhbərliyi və nəzarəti altında müalicə-profilaktik işlərin aparılması, sərbəst stajorluq və sair formada öyrənilməsi ilə təmin olunur.

“Xəstəxanalarda hər bir rezidentin hazırlığı onun fərdi iş planına müvafiq həyata keçirilir. Bu planda tədris yükünün həcmi, təsviri, müddəti və növü, habelə müalicə-profilaktik işlərin həcmi müəyyən edilir” – deyən NDU-nun tibb fakültəsinin dekanı bildirib ki, kuratorlar rezidentlərə gündəlik rəhbərliyi həyata keçirməklə onların nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini, fərdi iş planını yerinə yetirməsini təmin edir. Onlar hər növbəti həftə üçün tapşırıq və tövsiyələrini rezidentin gündəliyində qeyd edir və bunun yerinə yetirilməsinə nəzarət etməklə, nəticəsini gündəliyə yazırlar. Rezidenturada hazırlıq keçən şəxslərlə klinik baza tərəfindən hər təhsil ili müddətində əmək müqaviləsi bağlanır və rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir, ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun əməkhaqqı ödənilir.

Elsevər Əsədov vurğulayıb ki, muxtar respublikada rezidentlər üçün yaradılmış əlverişli şərait hesabına rezidentlərdən bəziləri əlavə olaraq həkim kimi işlə təmin olunublar. Onlardan bir qismi isə vaxtaşırı xaricə, xüsusilə qardaş Türkiyə Respublikasının müxtəlif xəstəxanalarına ixtisasartırma üçün göndərilirlər.