Azərbaycana soyuq silah və narkotik keçirmək istəyən şəxs saxlanılıb

27 İyul 2017 15:20 (UTC+04:00)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, bu səbəbdən həmin çantaya təkrar yoxlama keçirilib. Yoxlama zamanı çantanın içərisindəki geyim əşyalarının arasında soyuq silahlar - 1 ədəd dəyənək və 1 ədəd kombinə edilmiş kastet-bıçaq aşkar olunub.

Bundan başqa, vətəndaşın ayaqqabısının sol tayının içində isə 1 ədəd bükümdə xalis çəkisi 2,992 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.