Heyif səndən Mir Fazil həkim

24 İyul 2017 16:54 (UTC+04:00)

(Elegiya)
İyul ayının 25-də sənin dünyanı dəyişməyinin 40 günü tamam olur. Taleyin hökmünə bax ki, sən Səhiyyə işçiləri günü dünyanı dəyişibsən. Amma buna baxmayaraq, hələ də inana bilmirəm sənin yoxluğuna əziz qardaşım Mir Fazil Hüseynov. Təkcə mən yox, minərlə insanlar hansıları ki, həyata qaytarıbsan və hansılar ki, həyatlarında böyük rol oynayıbsan sənin yoxluğuna iana bilmir və göyüm-göyüm göynəyirlər...
Ürəyimdə olan problemlərlə bağlı iynə vurdurmaq üçün bir neçə gündür sənin işlədiyin Sumqayıt Onkoloji Xəstəxanaya gedəndə fikirləşirəm ki, yenə də sən məni gülər üzlə qarşılayacaq və bütün işlərini bir kənara qoyub, söhbət edəcəksən. Ürəyində yığılıb qalan nisgilləri, problemli məsələləri mənə danışıb, məsləhət alacaqsan. Axır vaxtlar səni üzən xəstəliklərindən danışacaqsan. Ya da mənim söhbətimə maraqla qulaq asacaqsan. Axı biz səninlər 30 il idi ki, dostluq edirdik. Hətta biz bir-birimizə oxşadığımıza görə insanların çoxu və sənin iş yoldaşlarının da əksəriyyəti elə bilirdilər ki, biz qardaşıq və sən mənim kiçik qardaşımsan. Baxmayaraq biz həmyaşıd idik və aramızda cəmi dörd ay fərq vardı. Mən mart ayının 16-da, sən isə iyul ayının 22-də anadan olmuşdun. Bu elegiyanı mən elə sənin ad günündə, iyul ayının 22-də yazıya köçürürəm. Sən dünyanı dəyişdiyin bu müddətdə dəfələrlə kompüterin qarşısında əyləşib, haqqında yazmaq istəmişəm, amma bacarmamışam. Elə bil səninlə bağlı deyəcəyim sözlər, fikirlər, xatirələr birdən-birə təxəyyülümdən silinib gedirdi. Kövrəlirdim və yaza bilmirdim... Axı mən səninlə bağlı bir neçə maraqlı məqalə, müsahibə, portret yazısı yazmışam. Amma indi Taleyin hökmünə bax ki, elegiya yazmalı idim...

Bu gün həm də mətbuat günüdür. Sevinmək istəyirəm, amma sevinə bilmirəm. Bir tərəfdən sənin cismani yoxluğuna və o biri tərəfdən də ev bölgüsündə mənə qarşı olan haqsızlığa görə... Bu gün hər il olduğu kimi mən gəlib sənin ad gününü təbrik edəcəydim. İş vaxtın bitəndən sonra, hər il olduğu kimi bir süfrə arxasında əyləşib, sənin ad gününü qeyd edəcəydik...
Bu gün də gəldim sənin iş yerinə. Sağ olsaydın öz dərdimi, mənə qarşı olan haqsızlığı bu dəfə mən sənə danışacaqdım... Amma bu gəlişimdə isə sənin cismani yoxluğunu bildiyimdən elə bil ki, ürəyim qubar eylədi. Son günlər ürəyimdə yaranan ağrılarla bağlı Sənubər xanım da mənə iynə vurdu. Necə əsəb gərginliyi keçirdiyimi görən, öz işinin yaxşı mütəxəssisi Sənubər xanım damarımı tapmaqda çətinlik çəkirdi...

Səni mənim kiçik qardaşım bilən iş yoldaşların, səninlə bağlı mənə təskinlik verəndə, gözlərim doldu... Onlara heç nə deyə bilmədim. Hamı səndən elə xoş sözlər danışırdı ki, ay Mir Fazil... Baş həkim Murad Məmmədovun, baş tibb bacısı Sənubər Hüseynovanın, indi sənin yerində şöbə müdiri olan və səni özünün mənəvi atası hesab edən Azər Abdiyevin, katibə Zenfira Ağayevanın dedikləri xoş sözləri bu yazıya əlavə edəcəm.
... Bizim səninlə tanışlığımız 1987-ci ildən başlayır. O vaxt mən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına rəhbərlik edirdim və xərnəng xəstəliyinə tutulan qocaman, gözəl aktyor Qurban kişini sənin yanına gətirmişdim. Həmin vaxtı sən Xankəndində Onkologiya Xəstəxanasında işləyirdin. Qrabağda adla deyilən bir həkim idin. İnsanlar sənin qəbuluna düşmək üçün saatlarla gözləyirdilər. Sən, millətindən, vəzifəsindən, yaşından asılı olmayaraq bütün insanlara eyni cür diqqətlə yanaşır və əlindən gələni edirdin ki, onlara köməklik edəsən. Yəqin bu mehribanlığına və diqqətinə görə idi ki, 1988-ci ilin fevral və mart aylarında Xankəndində baş verən ixtişaşlar vaxtı sənin xəstələrin olmuş ermənilər özləri səni və ailə üzvlərini gecəykən Xankəndindəki evindən Şuşaya qaçırmışdılar ki, daşnak gavurlar sizə xətər yetirə bilməsinlər. İnsanları dərin məhəbbətlə sevmək xasiyyətin və yüksək diqqətin ömrün boyu səndə davam elədi. Hətta axır vaxtlar özün ağır xəstə olduğun bir vaxtda da bütün xəstələrə diqqətlə, öz əziz adamın kimi yaqnaşdın və əlindən gələni onlar üçün etdin. Xəstələrin çoxu sənin özünün sağalmaz xəstəliklərə tutulduğunu bilmirdi və öz xəstəliyini onların yanında büruzə vermirdin. Saatlarla onları cərrahiyə edirdin. Sonra isə özünə gəlmək üçün bir neçə saat otağında çox pis vəziyyətə üzanıb qalırdın. Bir dəfə səni bu vəziyyətdə görəndə qorxdum ki, elə bu dəqiqə dünyanı dəyişəcəksən. Həkimlər, tibb bacıları əllərindən gələni edirdilər ki, sən ayılasan. Çox çətinliklə özünə gəldin. Həmin vaxtı səni məcbur elədim ki, get müalicə olun. Sən, adətin üzrə gülümsünüb, üzümə baxıb dedin: “Axı buradakı xəstələr sağalmaq üçün mənə böyük ümidlə baxırlar. Mən getsəm onların taleyi necə olacaq?”..
Bu sözlərindən sonra sənə heç nə deyə bilmədim. Çünki həmin vaxtı öz qardaşım Balaməmmədi yadıma saldım. O da çarəsiz xəstəliyə tutulmuşdu. Bütün həkimlər deyirdilər ki, qısa bir vaxtda xərçəngdən dünyasını dəyişəcək. Amma göydə Allah, yerdə sən onun ömrünü üç il uzatdın. Üç il qardaşımıza baxmaq, onunla hər gün təmasda olmaq xoşbəxtliyini də bizə sən verdin. Ona görə də sən bizim ailənin ən əziz bir üzvü idin. Hələ ondan əvvəl anamın ayağının kəsilməməsinin də səbəbkarı məhz sən oldun. Rayonda həkimlər belə qərara gəlmişdilər ki, səhər onun ayağnı kəssinlər. Bu acı xəbəri böyük qardaşım Balaməmməd mənə telefonla deyəndə, sən də minim yanımda, teatrdakı kabinetimdə idin. Həmin gün, kiçik çillədə, qarlı-çovğunlu havada gecə yarısı mənimlə birlikdə Sumqayıtdan Masallıya getdin və anamın ayağına baxan kimi dedin ki, həkimlər düzgün qərar çıxarmayıblar. Səhər tezdən səninlə birlikdə anamı Sumqayıta gətirdik. Məsləhət bildin ki, onu tibb elmləri dokturu, dostumuz Rəfiəli Novruzov cərrahiyyə etsin. Elə həmin gün də Rəfiəli həkim onu cərrahiyyət etdi və anamın ayağı kəsilmədi. Tez bir zamanda da sağaldı. Anam, səni və Rəfiəli həkimi də ömrünün sonuna kimi biz beş qardaşdan ayırmadı. Rayondan mənə sovqat göndərəndə sizin də ayrıca payınızı göndərirdi. Sən atan Mir Abbas kişiyə və mən də anam Züleyxa xanıma çox oxşayırdıq. Sənin atanla mənim anam da bir-birinə elə oxşayırdılar ki, elə bil doğma bacı-qardaş idilər.

Sən, mənim rəhbərlik etdiyim Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram teatrında işləyən bütün işçilərin də həkimi idin. Çünki sən artıq 1990-cı ildən Sumqayıt şəhərindəki Onkoloji Xəstəxananın şöbə müdiri idin və biz də demək olar ki, hər gün bir yerdə idik. Həmin vaxtlardan bizim yaxın dostluğumuz , qardaşlığımız başlamışdı.
Mir Fazil, belə deyirlər ki, insan dünyasını dəyişəndən sonra 40 gün onun ruhu bədəndə olur və qəbrinin üstündə nə deyirlərsə hamısını eşidir, amma cavab verə bilmir. 40 gündən sonra isə onun ruhu göylərə uçur və yerdəki insanları səmanın dərinliklərindən, ənginliklərindən seyr edir. Sənin ruhun hələ ki, bədəndədir və iş yoldaşlarının da dediklərini yəqin ki, eşidirsən. Eşit, onlar sənin haqqında nə deyirlər:

Baş həkim Murad Məmmədovun dediklərindən:
-Biz Mir Fazil həkim Hüseynovla təxminən 15 il bundan qabaq mən bura işləməyə gələndə tanış olmuşuq. Həmin vaxtı o, şöbə müdiri idi. O vaxtı həkimlərin çoxu məzuniyyətdə idi. Gördüm ki, Mir Fazil həkim demək olar ki, hər işin dalısınca özü gedir. Qeydiyyat otağında xəstəlik kitabçalarına baxır. Ya da hansısa bir xəstənin adamı gəlir onunla söhbət edir, xəstəsinə baxır. Hətta kimsə gəlib onu evdə ağır vəziyyətdə olan xəstələrinə baxmaq üçün aparırdı. Hər gün bütün xəstələrin hal-əhvalı ilə maraqlanırdı. Heç kimə də yox demirdi. O vaxtı rəhmətlik baş həkim Eldar Məmmədov ona hansısa bir işi tapşıranda Mir Fazil həkim 2-3 günə başa gələn işi ən geci axşama kimi yerinə yetirib, Eldar həkimə məruzə edirdi. O, çox cavabdehli insan olduğuna görə heç vaxt istəmirdi ki, kimsə ona artıq söz desin. Heç vaxt da kimsənin xətrinə dəyməzdi. Uşaqla-uşaq, böyüklə-böyük kimi davranırdı. Mənim yadıma gəlmir ki, Mir Fazil həkimin iş yerində kiminləsə intriqası düşsün və ya kiminləsə küsülü olsun. Ya da kimlərinsə arasında konflikt olanda hər ikisini əyləşdirib, hər birinin səhvini üzünə dəyib, elə həmin gün onları barışdırırdı. Burada olan başda mən olmaqla bütün cavan həkimlərin bir mütəxəssis kimi formalaşmasında da Mir Fazil həkimin böyük əməyi olub. Xəstəxanamızda olan həkimlərin hamısı istəyirdi ki, Mir Fazil həkimlə əməliyyata getsinlər və ondan çox şey öyrənsinlər.
Mənim bura baş həkim təyin olunmağımda da Mir Fazil həkimin əməyi çox olub. O, bu xəstəxananın ağsaqqal həkimi kimi Eldar həkim dünyasını dəyişəndən sonra bura məhz mənim baş həkim qoyulmağımı istəyirdi. Yuxarı dairələr mənim haqqımda ağsaqqal və böyük hörməti olan insan kimi ondan soruşanda Mir Fazil həkim xasiyyətimdəki, sənətimdəki yüksək keyfiyyətləri onlara açıqca inandıra bilmişdi. Mən isə bunları baş həkim olandan sonra bildim. Bunu da o özü yox, başqa işçilər mənə dedilər. Bax bu xasiyyətlərinə, təmənnasız münasibətinə görə biz hamımız onu çox istəyirdik və yaddaşımızda da belə xeyirxah insan, gözəl mütəxəssis kimi əbədilik qalacaq Mir Fazil həkim.

Baş tibb bacısı Sənubər Hüseynovanın dediklərindən:
-Mən 1998-ci ildən bu xəstəxanada işləyirəm. Elə ilk gündən də Mir Fazil həkim mənim yaddaşımda çox xeyirxah bir insan və gözəl mütəxəssis kimi qalıb. Hamımıza özünün övladı kimi baxır və əlindən gələni edirdi ki, biz öz işimizi yaxşı öyrənək və xəstələrlə həmişə mehriban olaq. Onun üçün xəstələrin heç bir fərqi yox idi. Hamıya eyni gözlə baxır və eyni gür qulluq edirdi. Onun kiməsə qarşı kin-küdurəti olduğunu heç vaxt görməmişəm. Birimizin çətin problemi olanda ona müraciət edirdik. Mir Fazil həkim bizə çox düzgün məsləhət verirdi. Hələ də heç birimiz onun yoxluğuna inana bilmirik. Elə fikirləşirik ki, səhər işə gələcək və gülərüzlə hamımızı qarşılayacaq, problemlərimizlə maraqlanıb, onların həll olunmasına köməklik edəcək. Təkcə Sumqayıtda yox, respublikanın hər yerində onun böyük hörməti, nüfuzu vardı. Kimnənsə nəyisə xahiş edəndə heç bir problem olmadan həll edirdilər.
Katibə Zenfira Ağayevanın dediklərindən:
-2000-ci ilin mart ayından mən burada işləyirəm. Elə həmin vaxtdan da Mir Fazil həkimi tanıyırdım. O, burada işləyənlərin heç biri arasına vəzifəsinə, sənətinə, peşəsinə görə fərq qoymurdu. Həkimə də, tibb bacısına da, texniki işçiyə də eyni gözlə baxırdı. Ona görə bütün işçilər onun dünyasını dəyişməsindən çox pis olublar. Hamı Mir Fazil həkimin timsalında elə bil ki, öz atasını, qardaşını, ən əziz insanını itirdiyini fikirləşir. Hələ də özümüzə gələ bilmirik və onun yoxluğuna ianmırıq.
Cərrahiyyə şöbəsinin müdiri Azər Abdiyevin dediklərindən:
-Əvvəllər bu şöbəyə mənim müəllimim, mənəvi atam, həkimlik sənətinin sirrlərini mənə mükəmməl öyrədən Mir Fazil həkim rəhbərlik edirdi. İnanın hər gün onun əyləşdiyi stulda oturanda və xəstələri, onların yaxınlarını qəbul etdikdə fikirləşirəm Mir Fazil həkim sağ olsaydı onlara hansı məsləhətləri verərdi. Mən bu xəstəxanaya işə gələndən üç gün sonra hərbi xidmətə çağırıldım. O vaxt Mir Fazil həkim burada şöbə müdiri idi. Amma mən onu tanımırdım. Həmin vaxtı mən Ağdam rayonunun Sarıcallı Hospitalında xidmət etməyə başladım. Orada qarabağlı qızlar biləndə ki, mən Sumqayıt Onkoloji Xəstəxanasından hərbi xidmətə gəlmişəm, onlar məndən Mir Fazil həkimi soruşdular. Dedilər ki, “biz onunla Xankəndində bir yerdə işləmişik. Xankəndindəki Tibb Texnikumunda da bizə dərs deyib. O, bizim hamımızın müəllimi, böyüyü, ağsaqqalı idi və bizə tibb sənətinin sirrlərini öyrədirdi”. Hərbi xidmətdən tərxis olunandan sora yenidən bura işə qayıtdım və Mir Fazil həkimlə yaxından tanış oldum. Ağdamda tanış olduğum həkimlərin, tibb bacılarının salamını ona yetirdim. Bütün bu illərdə mən onunla bir yerdə işləmişəm. O, məni heç bir qohumu, tanışı olmasam da kiçik qardaşı kimi qəbul edib və həkimlik sənətinin, cərrahiyyətin sirrlərini mənə öyrədib. O, təkcə mənim yox, buradakı bütün cavan həkimlərin mənəvi atası idi. Biz, bütün bu illərdə həkimlik sənətindən nə öyrənmişiksə yalnız Mir Fazil həkimə borcluyuq.
Əziz qardaşım, xəstəxanadan çıxandan sonra bu insanların sənin haqqında deyiyi fikirləri beyin süzgəcimdən keçirdikcə şairə Lilpar Cəmşidqızının sənin haqqında yazdığı şeirin bu sətirləri yadıma düşdü:

Əlləri şəfalı, üzü nurludu,
Çarəsizə çarə qılan həkimim.
Həkimlik şərəfi, adı bax budu,
Hər bir dərdə məlhəm olan həkimim.

Xidmət edər vətəninə can-başla,
Dərdini dinləyər, duyar göz-qaşla.
Çağırarsan, tez yetişər təlaşla,
Hər bir dərdə məlhəm olan həkimim.

Məsləhəti, söz-söhbəti məlhəmdi,
Ömrü yanar, gecə-gündüz bir şəmdi.
İnsan itkisində çəkdiyi qəmdi,
Hər bir dərdə məlhəm olan həkimim.

Yaxın bilməz, özgə bilməz, can verər,
Ağır vəziyyətdə sənə qan verər.
Hər xəstəyə öz şəfasını dilər,
Hər bir dərdə məlhəm həkim Fazilim.

Xəstələri nəvazişlə qarşılar,
Hər ağrına, hər acına qoşular.
Gecə-gündüz hey çalışar, işi var,
Dərdimizə məlhəm olan Fazilim.

Bax Lilparın əhvalına, ver şəfa,
Bu dünyanın gərdişinə yox vəfa.
Dərd cəlladdı, ömür olub bivəfa,
Hər bir dərdə məlhəm həkim Fazilim.
Sən həqiqətən də insanların dərdinə məlhəm idin Mir Fazil həkim. Heyif səndən. Hələ sən bundan sonra gör nə qədər xəstələrə şəfa verəgəkdin. Gör nə qədər evlərə sevinc gətirəcəkdin. Nə deyim Tanrının yazısına?.. Özüm də mat qalmışam bu sualın qarşısında...
Allah sənə qəni-qəni rəhmət eləsin əziz dostumuz Mir Fazil həkim. Sən doğrudan da insanların qəlbində özünə əbədi bir yuva qurubsan. Onlar yəqin ki, səni heç vaxt unutmayacaq və öz övladlarına, nəvələrinə də sənin haqqında danışaraq deyəcəklər: “Bizim həyatda sağ qalmağımızın və yaşamağımızın səbəbkarı olan bir yaşxı, xeyirxah həkim vardı. Sifəti nurlu, qəlbi təmiz və öz sənətinin kamil bilicisi olan Mir Fazil Hüseynov. Bu adı siz də yadda saxlayın bizim əzizlərimiz”.

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

22 iyul 2017-ci il